Novruzəli Yusubzadə: “Məkkə Paktının Husilərə qarşı müdaxiləsi İranın sərt reaksiyasına səbəb ola bilər”

QAFSAM eksperti Novruzəli Yusubzadə Ər-Riyaddakı fövqəladə toplantını, Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı xəttinin imkanlarını və Yəmənə mümkün müdaxilənin İranın reaksiyasına təsirini şərh edib.

190

Ər-Riyadda Məkkə Müdafiə Alyansının Strateji-Siyasi və Müdafiə Komitəsinin fövqəladə toplantısının keçirilməsi Yəməndə Husilərlə bağlı gərginliyin yeni mərhələyə keçə biləcəyi ehtimalını gündəmə gətirib.

QAFSAM eksperti Novruzəli Yusubzadə hesab edir ki, toplantının vaxtı təsadüfi deyil və Yəmən ordusunun Husilərə qarşı səfərbərliyindən dərhal sonraya təsadüf etməsi xüsusi əhəmiyyət daşıyır.

“Riyad görüşü və onun keçirildiyi tarix önəmlidir. Yəmən ordusunun Husilərə qarşı səfərbərliyindən dərhal sonra Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının ortaq iradə nümayiş etdirməsi həm Paktın çəkindiriciliyini göstərmək, həm də regiondakı proseslərə təsir etmək cəhdi kimi qiymətləndirilə bilər”.

Yusubzadənin fikrincə, bu proses Yaxın Şərqdə İranın “müqavimət oxu” və İsrail ətrafında formalaşan təhlükəsizlik xəttindən əlavə üçüncü geosiyasi blokun meydana çıxması kimi dəyərləndirilə bilər.

“Bu, regionda üçüncü xəttin – şərti olaraq ‘Sünni xətt’in meydana çıxmasını göstərir. Məqsəd sabitlik yaratmaq və İranla İsrailin təsirindən kənar ayrıca güc mərkəzi formalaşdırmaqdır”.

Alyans sabitlik yarada biləcəkmi?

Ekspert buna ehtiyatla yanaşır. Onun fikrincə, alyans hərbi və siyasi baxımdan genişlənə bilsə də, Yaxın Şərqdə davamlı sabitlik yaratmaq imkanları məhduddur.

“Alyans müəyyən hərbi nəticələr əldə edə bilər, amma bölgədə tam sabitlik yaratması çox çətindir. Üzvlərdən ikisinin sərhədlərində ciddi terror və təhlükəsizlik problemləri davam edir”.

Yusubzadə hesab edir ki, regionda eyni vaxtda üç rəqabət aparan güc xəttinin mövcudluğu qarşıdurma riskini daha da artırır.

Onun fikrincə, əlavə problem Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının İslam dünyasında liderlik iddialarının müəyyən məqamlarda bir-biri ilə rəqabətə girməsidir.

“İttifaq fiziki olaraq genişlənə bilər, lakin bölgədə sabitlik formalaşdırmaq daha mürəkkəb məsələdir. Bunun səbəblərindən biri də üç dövlətin ayrı-ayrılıqda İslam dünyasında liderlik iddiasına malik olmasıdır”.

İran necə cavab verə bilər?

QAFSAM eksperti qeyd edir ki, Tehran alyansın Yəmən istiqamətində mümkün fəaliyyətinə əvvəlcədən mənfi münasibət göstərib.

“İran üçün bu ittifaqın Yəmənə hərbi müdaxiləsi qəti şəkildə qəbuledilməzdir”.

Yusubzadənin fikrincə, belə bir müdaxilə baş verərsə, İran birbaşa hərbi qarşıdurmadan daha çox asimmetrik cavab üsullarına üstünlük verə bilər.

“İranın cavabının asimmetrik olacağını düşünürəm. İraq və Livandakı müttəfiq qüvvələr vasitəsilə raket hücumları təşkil edilə, Pakistan sərhədində etnik və təhlükəsizlik problemlərindən istifadə olunaraq əlavə gərginlik yaradıla bilər”.

Ekspert hesab edir ki, prosesin ən təhlükəli tərəfi müxtəlif güc mərkəzlərinin maraqlarının eyni hədəfə qarşı müvəqqəti şəkildə üst-üstə düşməsidir.

“Üçlü sistemlərdə ən təhlükəli ssenari iki tərəfin maraqlarının üçüncü tərəfə qarşı üst-üstə düşməsidir. Hazırkı şəraitdə həm İranın, həm də İsrailin Məkkə Paktının Husiləri tam şəkildə sıradan çıxarmasında maraqlı olmadığını düşünürəm. Buna görə də hər iki tərəf müxtəlif üsullarla bu prosesin qarşısını almağa çalışa bilər”.

Yusubzadənin fikrincə, mümkün birgə müdaxilə təkcə Yəmən cəbhəsini deyil, İraq, Livan, Pakistan sərhədi və bütövlükdə Körfəz regionunu əhatə edən daha geniş qarşıdurma zənciri yarada bilər.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.