Yəmənin husilərin nəzarətində olan paytaxtı Səna və qruplaşmanın əsas dayaq məntəqələrindən Səada yenidən hava zərbələrinə məruz qalıb. Husilər hücumlarda Səudiyyə Ərəbistanını ittiham edərək eskalasiyaya cavab verəcəklərini bildiriblər. Səudiyyə Ərəbistanından isə Sənaya son hücumlarla bağlı ayrıca rəsmi təsdiq verilməyib.
MSNews.az xəbər verir ki, husilərə bağlı “Əl-Məsirə” telekanalı Səudiyyə qüvvələrinin Sənaya hava zərbələri endirdiyini bildirib. Qruplaşmanın məlumatına görə, son sutka ərzində Yəmənin müxtəlif ərazilərinə təxminən 60 hava zərbəsi endirilib. Digər məlumatlarda Sənanın özünün 26 zərbəyə məruz qaldığı bildirilir.
Bununla yanaşı, Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinə bağlı silahlı qüvvələr Səna və Səadada əməliyyat keçirdiklərini rəsmən təsdiqləyiblər. Hərbi sözçü polkovnik Məcid əl-Nüzeyli zərbələrin husilərə aid olduğunu bildirdiyi “həyati əhəmiyyətli hədəflərə” yönəldiyini açıqlayıb, lakin konkret obyektlərin adını çəkməyib.
Son hücumlar Yəməndə döyüşlərin kəskin şəkildə intensivləşdiyi vaxta təsadüf edir. Oktyabrın 4-də Yəmən Prezident Rəhbərlik Şurasının sədri Rəşad əl-Əlimi husilərin nəzarətindəki ərazilərin geri alınması məqsədilə genişmiqyaslı hərbi əməliyyatın başladığını elan edib. Əməliyyatda hökumət qüvvələrinə Səudiyyə Ərəbistanı dəstək verir.
Husilər isə bundan əvvəl Ər-Riyad yaxınlığındakı “Saudi Aramco” obyektinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hücum etdiklərini açıqlayıblar. Qruplaşmanın hərbi sözçüsü Yəhya Səri hücumun Yəmənə endirilən zərbələrə cavab olduğunu bildirib. O, “eskalasiyaya eskalasiya ilə” cavab veriləcəyini deyib. Səudiyyə hakimiyyəti və Aramco isə obyektdə görünən yanğının husilərin hücumu nəticəsində baş verdiyini təsdiqləməyib.