Messinin millidə son oyunu üçün xüsusi forma təqdim edildi

Lionel Messi oktyabrın 6-da Beninə qarşı Argentina millisində son oyununu keçirəcək. Tarixi matç üçün qızılı detallarla xüsusi forma hazırlanıb.

10

Argentina millisinin əfsanəvi kapitanı Lionel Messi yığmadakı son oyununa xüsusi hazırlanmış forma ilə çıxacaq. Oktyabrın 6-da Buenos-Ayresdə Benin millisinə qarşı keçiriləcək yoldaşlıq görüşü 39 yaşlı futbolçunun Argentina forması ilə vida matçı olacaq.

MSNews.az xəbər verir ki, matç üçün hazırlanan xüsusi formanı “Adidas” sentyabrın 25-də rəsmi olaraq təqdim edib.

Forma Argentina bayrağından ilhamlanaraq hazırlanıb. Ənənəvi mavi-ağ rənglər qorunub, lakin dizayna Messinin karyerasına həsr olunmuş qızılı elementlər əlavə edilib. Arxa hissədə böyük May Günəşi, qızılı rəngdə “MESSI” yazısı və əfsanəvi 10 nömrəsi yer alır. Formada Messinin şəxsi loqosu və xüsusi xatirə detalları da istifadə olunub.

Messi özü də formanı sosial şəbəkədə nümayiş etdirərək vida matçına işarə edən qısa mesaj paylaşıb:

“Son oyun… Ömürlük bir forma.”

Son rəqib Benin olacaq

Messinin Argentina millisində son qarşılaşması 6 oktyabrda Buenos-Ayresdəki “Monumental” stadionunda Beninə qarşı keçiriləcək. Argentina millisinin baş məşqçisi Lionel Skaloni Messini son dəfə yığmaya qayıtmağa razı salmaq üçün ciddi səy göstərdiyini bildirib.

Messi avqustun sonunda milli komandadakı karyerasını başa vurduğunu açıqlamışdı. Lakin Argentina Futbol Assosiasiyası və məşqçilər korpusu ona öz azarkeşləri qarşısında ayrıca vida etmək imkanı yaratmaq istəyib.

Beləliklə, Beninlə görüş dünya futbolunda bir dövrün rəsmi sonu olacaq: Messi 2005-ci ildə başladığı 21 illik Argentina millisi karyerasına Buenos-Ayresdə yekun vuracaq.

Matç oktyabrın 6-dan 7-nə keçən gecə Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.