Çinin Tibet Muxtar Rayonunda, Nepal sərhədində yerləşən Gyirong (Kyirong) limanını dağıdan ölümcül daşqınlardan sonra hadisə yerindən yayılan bəzi videoların və şahid məlumatlarının Çin internetindən silindiyi, xarici jurnalistlərin isə bölgəyə buraxılmadığı bildirilir. Pekin senzura ittihamlarını rədd edir.
MSNews.az xəbər verir ki, “ABC News” avqustun 26-da palçıq, buz və su kütləsinin Gyirong sərhəd-keçid məntəqəsini vurmasını əks etdirən təhlükəsizlik kamerası görüntülərinin əvvəlcə Çin sosial şəbəkələrində yayıldığını, lakin qısa müddət sonra platformalardan yoxa çıxdığını müəyyən edib. Nəşr həmçinin hadisə şahidləri ilə hazırlanmış bəzi yerli media materiallarının dərc edildikdən bir neçə saat sonra silindiyini yazır.
“Euronews” də sosial mediada yayılan və peyk, eləcə də küçə görüntüləri ilə yeri təsdiqlənən videonun sonradan Çin platformalarından götürüldüyünü qeyd edib. Görüntülərdə nəhəng palçıq və dağıntı axınının limana doğru hərəkət etdiyi, insanların qaçmağa çalışdığı görünür.
Məsələ təkcə videolarla məhdudlaşmır. “Human Rights Watch” bildirir ki, Çin daxilində jurnalistlərin fəlakət bölgəsinə girişinə və zərərçəkmiş ailələrlə sərbəst müsahibələr aparmasına maneələr yaradılıb. Təşkilatın məlumatına görə, daşqınla bağlı hakimiyyətin “yalan məlumat” adlandırdığı paylaşımlara görə azı 10 nəfər cəzalandırılıb. Çin sosial şəbəkələrində isə əsas diqqət ölən və itkin düşənlərin şəxsi hekayələrindən daha çox xilasetmə əməliyyatları və dövlət qurumlarının fəaliyyətinə yönəldilir.
“The Guardian” qeyd edir ki, Tibet tərəfdə informasiya məhdudiyyətləri fəlakətin real miqyasının müstəqil qiymətləndirilməsini çətinləşdirir. Nepalda jurnalistlər zərərçəkmiş ərazilərə daxil olaraq sağ qalanlar və ailələrlə danışa bildiyi halda, Tibetin Gyirong bölgəsindən birbaşa şahid ifadələri və müstəqil görüntülər xeyli azdır.
Çin hakimiyyəti isə senzura və itkilərin gizlədilməsi ittihamlarını qəbul etmir. Avqustun 31-də “Sky News” müxbirinin Gyirong görüntülərinin silinməsi barədə sualına cavab verən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun bildirib ki, Pekin fəlakətlə bağlı məlumatları “açıq, şəffaf və vaxtında” yayıb və belə bir zamanda “qaralama və dezinformasiyanı” qəbuledilməz hesab edir. Çin XİN-in rəsmi açıqlaması
Çinin açıqladığı son rəqəmlərə görə, Tibetdəki fəlakət nəticəsində 16 nəfər ölüb, 546 nəfər itkin düşüb. İtkinlərin 261-i xarici ölkə vətəndaşıdır. “Reuters” bildirir ki, Gyirong keçidi və ətraf ərazilərdə axtarış-xilasetmə əməliyyatları davam edir.
Hadisə Himalayda yüksək dağ buzlağının çökməsi nəticəsində yaranan nəhəng buz-qaya və palçıq axını ilə əlaqələndirilir. Fəlakət həm Tibet, həm də Nepal tərəfdə böyük dağıntılara səbəb olub. Bununla belə, Tibetdəki real vəziyyət barədə müstəqil məlumatın məhdudluğu səbəbindən rəsmi rəqəmlərdən kənar iddiaları təsdiqləmək mümkün deyil.