İslandiya referendumda “yox” dedi

İslandiyada keçirilən referendumda seçicilərin 52,8%-i Avropa İttifaqına üzvlük danışıqlarının bərpasına qarşı çıxıb. Nəticə Brüsselin Arktikada mövqelərini gücləndirmək və genişlənmə prosesinə əlavə impuls vermək planları üçün uğursuzluq kimi qiymətləndirilir.

29

İslandiya seçiciləri ölkənin Avropa İttifaqına üzvlük danışıqlarını yenidən başlatması təklifini referendumda rədd ediblər.

MSNews.az xəbər verir ki, yekun nəticələrə əsasən seçicilərin 52,8%-i danışıqların bərpasına qarşı, 47,2%-i isə lehinə səs verib. Səsvermədə iştirak 82,5% təşkil edib. Reykyavik Aİ ilə danışıqların bərpasına üstünlük verən yeganə əsas bölgə olub, paytaxtdan kənarda isə “xeyr” mövqeyi üstünlük təşkil edib.

Bu barədə “Associated Press”“Financial Times” məlumat yayıb.

Beləliklə, ilkin hesablamalarda beş seçki dairəsi üzrə göstərilən 52,5% əleyhinə və 47,5% lehinə rəqəmləri yekun nəticə deyil. Bütün səslərin hesablanmasından sonra fərq bir qədər artıb.

Referendumda İslandiyanın birbaşa Aİ-yə üzv olub-olmaması deyil, 2009-cu ildə başlanmış və 2013-cü ildə dayandırılmış üzvlük danışıqlarının bərpası soruşulurdu. İslandiyanın Milli Seçki Komissiyası səsvermənin hüquqi baxımdan məsləhət xarakteri daşıdığını bildirir. Danışıqlar bərpa olunaraq razılaşma əldə edilsəydi, Aİ-yə faktiki üzvlük üçün ayrıca ikinci referendum keçirilməli idi.

Referendumun əsas mübahisə mövzularından biri balıqçılıq olub. “Reuters” yazır ki, əleyhdarlar Aİ-yə üzvlüyün ölkənin zəngin balıq ehtiyatları və dəniz resursları üzərində milli nəzarəti zəiflədə biləcəyindən ehtiyat edirdilər. Balıqçılıq İslandiyanın mal ixracının təxminən 40%-ni təşkil edir və ölkə iqtisadiyyatı üçün strateji sahə sayılır.

Mübahisəli məsələlərdən biri də balina ovçuluğudur. İslandiya Norveç və Yaponiya ilə birlikdə kommersiya məqsədli balina ovunun davam etdiyi azsaylı ölkələrdəndir. Avropa İttifaqının qaydaları isə üzv dövlətlərin sularında balinaların qəsdən ovlanmasını və öldürülməsini qadağan edir. Buna görə Aİ-yə üzvlük İslandiyanın hazırkı balina ovçuluğu siyasətinin dəyişdirilməsini və ya bu məsələ üzrə xüsusi razılaşma əldə edilməsini tələb edə bilərdi.

Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos referendumdan əvvəl Reykyavikin danışıqlara qayıdacağı təqdirdə prosesin bir-iki il ərzində tamamlanmasının mümkün olduğunu bildirmişdi. İslandiya artıq Avropa İqtisadi Məkanının və Şengen zonasının üzvü olduğundan Aİ qaydalarının böyük hissəsini tətbiq edir və Brüsseldə nisbətən asan qəbul edilə biləcək namizəd hesab olunurdu.

“Reuters” qeyd edir ki, bəzi Aİ rəsmiləri İslandiyanı genişlənməyə skeptik münasibəti yumşalda biləcək “aşağı riskli” namizəd kimi görürdülər. Ölkənin Aİ-yə qoşulması eyni zamanda Arktikada Rusiya və Çinlə artan geosiyasi rəqabət fonunda İttifaqın strateji mövqeyini gücləndirə bilərdi.

Baş nazir Kristrún Frostadóttir referendumdan əvvəl səsverməni ölkənin Avropa ilə münasibətləri baxımından “indi və ya heç vaxt” xarakterli qərar kimi təqdim etmişdi. “Xeyr” nəticəsinin Aİ üzvlüyü məsələsini yaxın perspektivdə siyasi gündəmdən çıxaracağı gözlənilir.

İslandiya Aİ-yə ilk dəfə 2009-cu ildə qlobal maliyyə böhranından sonra müraciət etmiş, danışıqlar 2010-2013-cü illərdə aparılmışdı. Ölkənin üzvlük müraciəti formal olaraq geri götürülmədiyindən hüquqi qüvvəsini saxlayır, lakin referendumun nəticəsi danışıqların yenidən başlanmasını siyasi baxımdan gündəmdən çıxarıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.