Rusiya Prezidenti Vladimir Putin uşaqlara vəhşi təbiətdəki “qida zənciri” barədə danışmağın onların Rusiyanın Ukraynada niyə müharibə apardığını anlamasına kömək edə biləcəyini bildirib.
MSNews.az xəbər verir ki, Putin avqustun 29-da Moskva Dövlət Pedaqoji Universitetində müəllimlər və pedaqoji ixtisas tələbələri ilə görüşü zamanı bu fikirləri səsləndirib. Açıqlamanı “Vedomosti”, “Kommersant” və “DW” də yayıb.
Mövzu Belqorod vilayətindən olan müəllim Dmitri Balançukovun Şimal qütbünə səfərindən danışması zamanı gündəmə gəlib. Putin müəllimdən ağ ayıları görüb-görmədiyini soruşub və daha sonra həmin ərazilərdə orkaların da yaşadığını bildirib.
Putin orkaların ağ ayılara sürü halında hücum etdiyini deyərək bunu “qida zənciri” adlandırıb. O əlavə edib ki, uşaqlara belə nümunələrdən danışmaq lazımdır ki, onlar “hansı dünyada yaşadığımızı və niyə xüsusi hərbi əməliyyat apardığımızı” başa düşsünlər.
Putinin sözləri Rusiya mediasında müharibənin səbəblərinin vəhşi təbiətdəki “güclü-zəif” münasibətləri üzərindən izah edilməsi kimi təqdim olunub. Kremlin rəsmi stenoqramında isə prezident bu paralelin mənasını daha geniş şəkildə izah etməyib.