Azərbaycanın Özbəkistanda yeni layihələrinin açılışı olub

Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi bir sıra layihələrin açılış və təməlqoyma mərasimlərinə onlayn formatda qatılıblar.

23

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 23-də Daşkənddə Azərbaycanın Özbəkistanda həyata keçirdiyi bir sıra layihələrin açılış və təməlqoyma mərasimlərində onlayn formatda iştirak ediblər.

Azərbaycan Prezidentinin rəsmi saytının məlumatına görə, tədbir çərçivəsində “Davr Bank”, “Matanat-A” şirkətinin gips zavodu, həmçinin “Landau Education Group”un iki STEAM məktəbi istifadəyə verilib.

Eyni zamanda, Özbəkistanda həyata keçiriləcək daha beş layihənin təməli qoyulub. Bunlara SOCAR-ın beş yeni yanacaqdoldurma məntəqəsi, “Agalarov Development” şirkətinin “Sea Breeze Uzbekistan” yaşayış və istirahət kompleksi, “TuranAZ”ın “Baku City” yaşayış kompleksi, “Sur Gold and Silver Project” çərçivəsində gümüş tərkibli filizin emalı üzrə zənginləşdirmə fabriki, eləcə də “Gold Fresh Fruits” şirkətinin meyvə bağları layihəsi daxildir.

Layihələr bankçılıq, tikinti materialları istehsalı, təhsil, enerji, daşınmaz əmlak, mədən sənayesi və kənd təsərrüfatı kimi müxtəlif sahələri əhatə edir. Özbəkistan Prezidentinin rəsmi məlumatında da İlham Əliyevin dövlət səfərinin gündəliyində iki ölkə arasında biznes və investisiya əməkdaşlığının genişləndirilməsinə xüsusi diqqət ayrıldığı qeyd olunub.