Pol Biya 73 günlük fasilədən sonra Kameruna qayıdıb

Dünyanın ən yaşlı dövlət başçısı, 93 yaşlı Kamerun Prezidenti Pol Biya iki aydan çox davam edən xarici səfərdən sonra Yaoundeyə qayıdıb. Uzunmüddətli yoxluğu ölkədə onun səhhəti və hakimiyyətin idarə olunması ilə bağlı müzakirələrə səbəb olmuşdu.

39

Kamerun Prezidenti Pol Biya iki aydan çox davam edən xarici səfərdən sonra avqustun 20-də ölkəsinə qayıdıb.

MSNews.az xəbər verir ki, 93 yaşlı dövlət başçısı Cenevrədən gələn təyyarə ilə Yaundenin Nsimalen Beynəlxalq Hava Limanına enib. “AFP” onun Kameruna 73 günlük fasilədən sonra qayıtdığını bildirir. Biya hava limanından həyat yoldaşı Şantal Biya ilə birlikdə ayrılıb və prezident sarayına gedərkən avtomobildən tərəfdarlarını salamlayıb.

Biya iyunun 7-də Kamerunu tərk etmişdi. Kamerun Prezident Administrasiyası həmin vaxt səfəri “Avropaya qısa şəxsi səfər” kimi təqdim etmişdi. Dövlət başçısının səfərdə həyat yoldaşı və bir neçə yüksək vəzifəli əməkdaş tərəfindən müşayiət olunduğu rəsmi şəkildə açıqlanmışdı.

Lakin səfərin 10 həftədən çox uzanması ölkədə prezidentin səhhəti və dövlət idarəçiliyi ilə bağlı sualları artırıb. “Reuters”“Associated Press” bildirir ki, müxalifət nümayəndələri uzunmüddətli yoxluğu tənqid edib, hətta prezidentlik vəzifəsinin boş elan edilməsi məsələsinin nəzərdən keçirilməsini tələb edənlər olub.

Bu müddətdə Biyanın səhhətinin kəskin pisləşməsi və İsveçrədə xəstəxanaya yerləşdirilməsi barədə məlumatlar da yayılmışdı. Kamerun hökuməti iyunun 18-də bu iddiaları rədd edərək prezidentin xəstəxanada olmadığını və dövlət işlərini davam etdirdiyini açıqlamışdı.