Latviya Prezidenti Edqars Rinkeviçs Belarusla sərhədə səfər edərək qanunsuz miqrasiya təzyiqi, sərhədin texniki müdafiəsi və təhlükəsizlik tədbirləri ilə yerində tanış olub.
MSNews.az xəbər verir ki, səfər avqustun 17-də, Belarusdan Latviyaya qanunsuz keçid üçün istifadə edilən yeraltı tunelin aşkarlanmasından bir həftə sonra baş tutub. Latviya Prezidentinin Ofisi bildirib ki, Rinkeviçs sərhəd mühafizəsinin texniki imkanları, “ağıllı sərhəd” sistemlərinin tətbiqi və planlaşdırılan əks-hərəkət tədbirləri barədə məlumatlandırılıb.
Tunel avqustun 10-da Auqşdauqava bölgəsinin Skrudaliena ərazisində, Silene sərhəd bölməsinin məsuliyyət zonasındakı hasardan təxminən 10 metr məsafədə aşkarlanıb. Latviya Dövlət Sərhəd Mühafizəsinin məlumatına görə, 15 nəfər həmin tuneldən istifadə edərək Belarus tərəfdən Latviyaya qanunsuz keçib və sonradan geri qaytarılıb. Qurum bunun Latviyada sərhədi qanunsuz keçmək üçün tuneldən istifadə edilən ilk qeydə alınmış hal olduğunu bildirib.

Hadisədən sonra daxili işlər naziri Jānis Dombrava ölkənin xarici sərhədi boyunca torpağın xüsusi avadanlıqla skan edilməsinə göstəriş verib. “LSM” yazır ki, məqsəd başqa yeraltı keçidlərin olub-olmadığını müəyyənləşdirməkdir.
Rinkeviçs sərhədə səfəri zamanı son üç ildə təhlükəsizlik infrastrukturunun ciddi şəkildə gücləndirildiyini bildirib. Onun sözlərinə görə, Latviya-Belarus sərhədinin təxminən 55 faizi artıq sensorlar və videomüşahidə sistemləri ilə təchiz olunub, qalan hissədə işlərin ilin sonunadək tamamlanması planlaşdırılır. Prezident eyni zamanda əsas problemlərdən birinin sərhədçilərin çatışmazlığı olduğunu vurğulayıb.
Latviya hakimiyyəti son aylardakı miqrasiya təzyiqinin Minsk tərəfindən hibrid təsir vasitəsi kimi istifadə edildiyini iddia edir. Rinkeviçs də sərhəddə vəziyyətin kəskinləşməsini Aleksandr Lukaşenko hakimiyyətinin Latviya daxilində etimadsızlıq yaratmaq cəhdi kimi qiymətləndirib. Belarus tərəfi isə bu ittihamları qəbul etmir.