Tokioda ziyarətçilərə müşahidə kameralarına düşmədən məhsulları “oğurlamaq” imkanı verən qeyri-adi immersiv sərgi keçirilib.
MSNews.az xəbər verir ki, söhbət real mağazadan deyil, Tokionun “Azabudai Hills Gallery” məkanında yaradılmış “Giga Mart Exhibition” adlı interaktiv layihədən gedir. “Azabudai Hills” bildirir ki, sərgi iyulun 18-dən avqustun 16-dək fəaliyyət göstərib və artıq başa çatıb.
Layihənin əsas hissəsi “oğurluq zonası” adlandırılan oyun olub. İştirakçılar “Yükləmə sahəsi”, “İşçilərin istirahət otağı” və ya “Məhsul anbarı”ndan birini seçərək 60 saniyə ərzində xüsusi müşahidə kameralarına görünmədən mümkün qədər çox məhsul götürməyə çalışıblar. Kamera iştirakçını qeydə almadığı halda götürülən məhsullar onun özündə qala bilib.
Sərgidə təxminən 40 min paket şirniyyat və qəlyanaltı, 4 min içki, həmçinin işlənmiş kitablar, xüsusi məhsullar və geyimlər təqdim olunub.
Adi giriş bileti həftəiçi 3200 yen, həftəsonu və bayram günlərində isə 3400 yen olub və bir “oğurluq” sınağını əhatə edib. Üç zonanın hamısını sınamağa imkan verən premium biletin qiyməti 7 min yen müəyyənləşdirilib.
Layihə “TBS Radio”-dan yaranan “TOH” konsepsiyasının davamıdır. Təşkilatçılar əvvəlki tədbirlərin sosial şəbəkələrdə ümumilikdə 50 milyondan çox baxış topladığını bildirirlər. Onlar sərginin oğurluğu təşviq etmədiyini, məqsədin istehlak, məhsul və reklam münasibətlərini oyun və sənət vasitəsilə fərqli formada təqdim etmək olduğunu xüsusi vurğulayıblar.