Xorvatiyalı futbolçu Luka Modriçin 13 yaşlı qızı Ema Modriç “Milan”dan ayrılaraq “Real Madrid”in qadın futbol akademiyasına qoşulub.
MSNews.az xəbər verir ki, “AS” nəşrinin məlumatına görə, 2013-cü ildə Madriddə doğulan Ema yeni mövsümdən “Real Madrid”in kadet komandasında çıxış edəcək. Komanda Madrid Muxtar Vilayətinin “Primera División Autonómica Cadete” liqasında mübarizə aparır.
Ema bundan əvvəl atasının “Real Madrid”dən “Milan”a keçməsindən sonra İtaliya klubunun U-13 qadın komandasında oynayıb. “La Gazzetta dello Sport” yazır ki, o, bu ilin aprelində “Milan”la “Garino Cup” turnirinin qalibi olub və “Sassuolo”ya qarşı 3:1 hesabı ilə başa çatan görüşdə qol da vurub.
Maraqlıdır ki, Ema İtaliyaya köçməzdən əvvəl Madriddə Madrid CFF sistemində futbol oynayıb. “AS”ın məlumatına görə, həmin dövrdə “Real Madrid”in onun yaş qrupu üçün uyğun qadın komandası olmadığından Ema “kral klubu”nun akademiyasına qoşula bilməmişdi. İndi isə o, atasının 13 il formasını geyindiyi klubda futbol karyerasını davam etdirəcək.
Luka Modriç özü isə Madridə qayıtmır. “Milan” iyulun 23-də xorvatiyalı yarımmüdafiəçinin müqaviləsini 30 iyun 2027-ci ilədək uzatdığını rəsmən açıqlayıb.