ABŞ ordusu GTA VI üçün hərbçilərə 4 günlük icazə təklif edir

Corciyadakı Fort-Stüart bazasının bir bölməsi azı iki il müddətinə yenidən xidmət müqaviləsi imzalayan hərbçilərə GTA VI-nın buraxılışı ilə üst-üstə düşən dörd günlük xüsusi icazə verir.

44

ABŞ ordusunun Corciya ştatındakı Fort-Stüart bazasında yerləşən bölməsi yenidən xidmət müqaviləsi imzalayan hərbçilərə GTA VI oynamaq üçün dörd günlük xüsusi icazə təklif edib.

MSNews.az xəbər verir ki, “CBS News” ABŞ rəsmilərinə istinadən təşəbbüsün 3-cü Piyada Diviziyasına daxil olan 9-cu Briqada Mühəndis Batalyonunda tətbiq edildiyini bildirib. Təklif bütün ABŞ ordusuna deyil, yalnız bu bölməyə aiddir.

Proqramdan yararlanmaq üçün hərbçilər 1 avqust–14 noyabr tarixlərində minimum iki, maksimum altı il müddətinə yeni xidmət müqaviləsi imzalamalıdırlar. Dörd günlük icazənin GTA VI-nın buraxılış tarixi ilə uyğunlaşdırılması nəzərdə tutulur.

3-cü Piyada Diviziyasının sözçüsü polkovnik-leytenant Angel Tomkonun sözlərinə görə, hazırda təxminən 130 hərbçi bu təşviqdən istifadə etmək hüququna malikdir və onlardan 20-si artıq yeni müqavilə imzalayıb. Onun sözlərinə görə, məqsəd hərbçilərin maraqlarına uyğun daha yaradıcı təşviq sistemi qurmaq və onları xidməti davam etdirməyə həvəsləndirməkdir.

GTA VI-nın istehsalçısı “Rockstar Games” oyunun 19 noyabr 2026-cı ildə “PlayStation 5” və “Xbox Series X|S” platformaları üçün satışa çıxarılacağını rəsmən təsdiqləyib. Bu, seriyanın 2013-cü ildə yayımlanan GTA V-dən sonra ilk əsas yeni oyunu olacaq.