İsrail-Türkiyə gərginliyi artır: Ankara sərt cavab verdi

İsrail Suriyada Türkiyə hərbçilərinin Əbu əz-Zuhur aviabazasında mümkün yerləşdirilməsinə qarşı çıxıb. Ankara isə İsrailin iddialarını rədd edərək hava zərbələrini Suriyanın suverenliyinin pozulması adlandırıb.

50

İsrailin Suriyada Türkiyə hərbçilərinin mümkün yerləşdirilməsinə qarşı çıxması və Əbu əz-Zuhur aviabazasına zərbələr endirməsi Ankara ilə münasibətlərdə yeni gərginliyə səbəb olub.

MSNews.az xəbər verir ki, İsrail Baş Nazirinin Ofisi Suriyanın təhlükəsizlik məsələlərində İsraillə razılaşdırılmış “status-kvo”nu pozmaq ərəfəsində olduğunu iddia edib. İsrail tərəfinin versiyasına görə, Dəməşq Türkiyə qüvvələrinin Hələb yaxınlığındakı Əbu əz-Zuhur aviabazasında yerləşdirilməsinə imkan verməyə hazırlaşırdı. İsrail bunun öz təhlükəsizliyi üçün təhdid olduğunu və Dəməşqə əvvəlcədən xəbərdarlıq edildiyini bildirib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi isə avqustun 19-da İsrailin iddialarını rədd edib. Ankaranın açıqlamasında bu ittihamların Suriyanın suverenliyi və ərazi bütövlüyünü hədəf alan İsrail hava hücumlarını legitimləşdirmək məqsədi daşıdığı bildirilib. Türkiyə həmçinin Netanyahu hökumətini İsraildəki seçkilər ərəfəsində “ekspansionist və sabitliyi pozan siyasət” yürütməkdə ittiham edib.

“Reuters” xəbər verir ki, İsrail avqustun 18-də Suriyanın şimal-qərbindəki Əbu əz-Zuhur bazasına hava zərbələri endirib. Suriya dövlət mediasının məlumatına görə, səkkiz zərbə uçuş-enmə zolağı və anbar obyektlərinə dəyib, insan tələfatı qeydə alınmayıb. Türkiyə isə hücumların Suriyanın ərazi bütövlüyünü pozduğunu bəyan edib.

Ankara açıqlamasında Suriya hökuməti ilə “qanuni əsasda” əməkdaşlığı davam etdirəcəyini və ölkənin sabitliyinin pozulmasına imkan verməyəcəyini vurğulayıb. Bununla belə, Türkiyə rəsmiləri hərbçilərinin Əbu əz-Zuhur bazasında yerləşdirilib-yerləşdirilmədiyini təsdiqləməyiblər.

Hadisəyə ABŞ da reaksiya verib. Vaşinqtonun Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak İsrailin zərbələrini regional sabitliyə xidmət etməyən “lazımsız eskalasiya” adlandırıb. ABŞ İsrail, Türkiyə və Suriya arasında hərbi insidentlərin qarşısını almaq üçün koordinasiya mexanizmi üzərində işlədiyini bildirib.