“Əl-Hilal”ın hücumçusu Darvin Nunes karyerasını Səudiyyə Ərəbistanının digər klubu “Əl-Diriyə”də davam etdirməyə yaxındır.
MSNews.az xəbər verir ki, tanınmış insayder Fabrizio Romano tərəflər arasında danışıqların son mərhələyə çatdığını bildirib. Onun məlumatına görə, uruqvaylı futbolçunun daha əvvəl “Beşiktaş” və ya “Trabzonspor”la yekun razılaşması olmayıb və hazırda əsas istiqamət “Əl-Diriyə”dir.
“BBC”nin jurnalisti Sami Mokbel isə Nunesin “Əl-Hilal”dan “Əl-Diriyə”yə icarə əsasında keçməsinin gözlənildiyini yazıb. Transferin bütün detalları və rəsmi təsdiqi hələ açıqlanmayıb.
27 yaşlı hücumçu 2025-ci ilin avqustunda “Liverpul”dan “Əl-Hilal”a keçib və Səudiyyə klubu ilə üçillik müqavilə imzalayıb. “Reuters” həmin transferin dəyərinin Britaniya mediasında təxminən 53 milyon avro göstərildiyini bildirmişdi.
“Əl-Diriyə” 2026/27 mövsümündə Səudiyyə Ərəbistanı Pro Liqasının yeni iştirakçılarındandır və yay transfer pəncərəsində heyətini fəal şəkildə gücləndirir.