Qalibaf İraqa səfər edib

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf yüksək səviyyəli nümayəndə heyəti ilə Bağdada gəlib. Səfərin gündəliyinə təhlükəsizlik, terrorla mübarizə və iqtisadi əməkdaşlıq daxildir.

48

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf avqustun 19-da yüksək səviyyəli parlament nümayəndə heyətinin rəhbəri kimi İraqa rəsmi səfərə gəlib. O, Bağdad Beynəlxalq Hava Limanında İraq parlamentinin sədrinin birinci müavini Adnan Fəyhan və digər rəsmilər tərəfindən qarşılanıb.

MSNews.az xəbər verir ki, İranın dövlət “IRNA” agentliyinin məlumatına görə, səfərin əsas məqsədləri regional proseslərin müzakirəsi, Tehran və Bağdad arasında strateji əməkdaşlığın gücləndirilməsi, eləcə də Yaxın Şərqdə sabitlik və təhlükəsizliyin təmin olunması üçün ortaq addımların nəzərdən keçirilməsidir.

Qalibafın İraqın yüksək vəzifəli rəsmiləri və siyasi liderləri ilə görüşlərində ikitərəfli münasibətlər, sərhəd təhlükəsizliyi, terrorizmlə mübarizə, iqtisadi əməkdaşlığın genişləndirilməsi və əvvəl imzalanmış razılaşmaların icrası müzakirə olunacaq.

“The National” səfərin üç gün davam edəcəyini və Qalibafın Bağdaddan əlavə Kərbəla və Nəcəfə də gedəcəyini bildirir. Səfərin cümə günü başa çatması planlaşdırılır.

Qalibafın Bağdada səfəri İraq hökumətinin ölkədəki silahlı qrupları dövlət nəzarətinə keçirmək istiqamətində addımlar atdığı və ABŞ-ın İranla əlaqəli silahlı birləşmələrin tərksilahı üçün Bağdada təzyiq göstərdiyi həssas dövrə təsadüf edir. “Reuters” daha əvvəl İraq hökumətinin dövlət nəzarətindən kənarda fəaliyyət göstərən silahlı qrupların tərksilahı məsələsini prioritet elan etdiyini yazmışdı.