Məsrur Bərzaninin ofisi vuruldu

İraq Kürdüstanı hakimiyyətinin məlumatına görə, İrandan buraxılan iki kamikadze PUA Məsrur Bərzaninin şəxsi ofisini və “Parastin” kəşfiyyat qurumunun rəhbərinin iqamətgahını hədəfə alıb. Hücumda xəsarət alan olmayıb.

56

İraq Kürdüstan Regional Hökumətinin Baş naziri Məsrur Bərzaninin şəxsi ofisi və “Parastin” təhlükəsizlik-kəşfiyyat qurumunun rəhbərinin iqamətgahı pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb. Kürdüstan hakimiyyəti PUA-ların İran ərazisindən buraxıldığını bildirir.

MSNews.az xəbər verir ki, “Reuters” Kürdüstan Regional Hökumətinin təhlükəsizlik qurumuna istinadən hücumda iki PUA-dan istifadə edildiyini və insan tələfatının olmadığını bildirib.

“Kurdistan24” Kürdüstanın Terrorla Mübarizə İdarəsinə istinadən yazır ki, partlayıcı ilə təchiz edilmiş iki “Hadid-110” tipli PUA avqustun 17-də saat 00:28 radələrində İran sərhədinin o tayından buraxılıb. Hədəflər Ərbil vilayətinin Pirmam bölgəsində yerləşən Bərzaninin şəxsi ofisi və “Parastin” rəhbərinin iqamətgahı olub.

Məsrur Bərzani də şəxsi hesabında hücumları təsdiqləyərək onları “təhlükəli eskalasiya və regionun təhlükəsizliyi və sabitliyinə birbaşa təhdid” adlandırıb. Baş nazir belə hücumların Kürdüstan rəhbərliyini vəzifələrini yerinə yetirməkdən və vətəndaşları qorumaqdan çəkindirməyəcəyini vurğulayıb.

Hazırda Kürdüstan tərəfinin hücumun İran ərazisindən həyata keçirildiyinə dair açıqlaması təsdiqlənib. Bununla belə, PUA-ların konkret olaraq hansı qurum tərəfindən idarə edildiyi barədə müstəqil təsdiqlənmiş məlumat açıqlanmayıb.