Çin Kuril mübahisəsində Yaponiyaya çağırış edib

Çin XİN Vladimir Putinin İturup səfərinə Yaponiyanın etirazından sonra Tokionu İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq nizama hörmət etməyə çağırıb.Çin XİN Vladimir Putinin İturup səfərinə Yaponiyanın etirazından sonra Tokionu İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq nizama hörmət etməyə çağırıb.

70

Çin Yaponiyanı Rusiya Prezidenti Vladimir Putinin mübahisəli İturup adasına səfərinə etirazından sonra İkinci Dünya müharibəsinin nəticələrinə və müharibədən sonra formalaşmış beynəlxalq nizama hörmət etməyə çağırıb.

MSNews.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Tsyakun avqustun 14-də yaponiyalı jurnalistin Putinin İturup səfəri ilə bağlı sualını cavablandırıb. O bildirib ki, Pekin “Dünya Antifaşist Müharibəsində qələbənin nəticələrinin lazımi şəkildə qorunmasının və onlara hörmət edilməsinin” tərəfdarıdır.

Bu barədə “Sinxua” məlumat yayıb.

“Çin Yaponiyanı Qahirə Bəyannaməsi və Potsdam Bəyannaməsi kimi beynəlxalq hüquqi sənədlərlə müəyyən edilmiş İkinci Dünya müharibəsindən sonrakı beynəlxalq nizama riayət etməyə çağırır”, – deyə Qo Tsyakun bildirib. Çin XİN-in açıqlamasının rəsmi mətni də bu formulirovkanı təsdiqləyir.

Açıqlama Putinin avqustun 13-də Rusiyada İturup, Yaponiyada isə Etorofu adlandırılan adaya səfərindən sonra verilib. “Reuters” bildirir ki, Yaponiya Baş naziri Sanae Takaiçi səfəri “tamamilə qəbuledilməz” adlandırıb, Tokio isə Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağıraraq rəsmi etirazını çatdırıb.

İturup Rusiya tərəfindən idarə olunan, lakin Yaponiyanın “Şimal əraziləri” adlandıraraq suverenlik iddiası irəli sürdüyü dörd adadan biridir. Sovet İttifaqı adaları İkinci Dünya müharibəsinin son günlərində nəzarətə götürüb. Tərəflər arasındakı ərazi mübahisəsi Rusiya və Yaponiyanın müharibədən sonra tamhüquqlu sülh müqaviləsi imzalamasına indiyədək mane olub.