Etna vulkanında püskürmə aktivliyi güclənib

Siciliyada Etna vulkanında partlayış və lava aktivliyi güclənib. Vulkanik kül səbəbindən Kataniya hava limanında uçuşlara ciddi məhdudiyyətlər tətbiq olunub.

62

İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanında püskürmə aktivliyi güclənib. İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu (INGV) avqustun 13-də Voragine kraterində partlayış xarakterli aktivliyin əhəmiyyətli dərəcədə artdığını və atmosferə vulkanik kül buraxıldığını bildirib.

MSNews.az xəbər verir ki, INGV-nin məlumatına əsasən, kül cənub istiqamətində yayılır. Eyni zamanda, təxminən 2750 və 1900 metr yüksəklikdə yerləşən püskürmə ocaqlarından lava axını davam edir. Vulkanik tremor yüksək səviyyədə qalır, infrasesmik aktivlik isə çox yüksək həddə çatıb. Monitorinq sistemləri torpaq deformasiyasında əhəmiyyətli dəyişiklik qeydə almayıb.

Etna ətrafında hazırkı aktiv püskürmə mərhələsi avqustun 6-da başlayıb və son günlər daha intensiv xarakter alıb. “Reuters” İtaliya Vulkanologiya Assosiasiyasının prezidenti Marko Vikkaroya istinadən yazır ki, hazırkı aktivlik əvvəlki epizodlarla müqayisədə daha enerjilidir və artan kül emissiyası daha dərin, qazla zəngin maqma ilə əlaqəli ola bilər.

Vulkanik kül Siciliyada hava nəqliyyatına da ciddi təsir göstərib. Kataniya hava limanına bütün gələn reyslərin avqustun 14-də yerli vaxtla saat 08:00-dək dayandırıldığı açıqlanıb. Son bir həftə ərzində yüzlərlə reys ləğv edilib və ya başqa hava limanlarına yönləndirilib. Sərnişinlərə hava limanına yola düşməzdən əvvəl reyslərinin statusunu yoxlamaq tövsiyə olunur.