İranda Heydər Əliyev Mərkəzindən ilhamlanan “Simurq” kompleksi

İranın Mazandaran vilayətinin Mahmudabad şəhərində fəaliyyət göstərən “Simurq” turizm-kommersiya kompleksinin Bakıdakı Heydər Əliyev Mərkəzinin memarlığından ilhamlanaraq hazırlandığı bildirilir.

69

İranın Mazandaran vilayətinin Mahmudabad şəhərində fəaliyyət göstərən “Simurq” turizm-kommersiya kompleksinin memarlığı Bakıdakı Heydər Əliyev Mərkəzi ilə nəzərəçarpacaq oxşarlıq daşıyır. Layihənin hazırlanmasında Heydər Əliyev Mərkəzinin memarlığından ilham alındığı İran tərəfinin layihə məlumatlarında da açıq şəkildə qeyd olunur.

MSNews.az xəbər verir ki, kompleks Mahmudabaddan Nur istiqamətində yerləşir. Tikilinin konstruksiya işlərini həyata keçirən “Sazehaye Ofoq-e Nur” şirkətinin layihə səhifəsində “Simurq”un sərbəst formalı məkan konstruksiyasından istifadə edilməklə Zaha Hadidin Bakıdakı Heydər Əliyev Mərkəzinin memarlığından ilhamlanaraq hazırlandığı bildirilir. Şirkətin məlumatında layihənin bu hissəsinin təxminən 3 min kvadratmetr sahəyə və maksimum 36 metr hündürlüyə malik olduğu qeyd edilir.

Heydər Əliyev Mərkəzinin memarlıq konsepsiyası Zaha Hadid Architects tərəfindən hazırlanıb. Memarlıq bürosunun rəsmi məlumatında Mərkəzin layihələndirilməsinə 2007-ci ildə başlanıldığı, tikilinin əsas xüsusiyyətlərindən birinin isə meydanla bina arasında fasiləsiz və axıcı memarlıq əlaqəsinin yaradılması olduğu bildirilir.

İranın yerli “Mahmoudabad Online” nəşrinin məlumatına görə, “Simurq” 2019-cu ildən fəaliyyət göstərir. Kompleksdə ticarət və əyləncə obyektləri, kinoteatr, restoran və kafelər, hipermarket və attraksionlar fəaliyyət göstərir. Kompleks rəhbərliyinin məlumatına görə, əsas bina 15 200 kvadratmetrlik ərazidə inşa edilib və ümumi tikinti sahəsi 12 700 kvadratmetrdir.

Obyektin yeri və ziyarətçilər tərəfindən çəkilmiş görüntüləri “Google Maps” üzərindən də görmək mümkündür. İranın yerli xəritə xidmətlərində də “Simurq” Mahmudabadda fəaliyyət göstərən turizm və xidmət kompleksi kimi qeydiyyatdadır.

Sosial şəbəkələrdə bina bəzən Heydər Əliyev Mərkəzinin “təqlidi” kimi təqdim olunur. Bununla belə, “təqlid” ifadəsi subyektiv qiymətləndirmədir. Təsdiqlənən fakt odur ki, layihənin tikinti-konstruksiya işlərini həyata keçirən şirkət özü “Simurq”un memarlığında Heydər Əliyev Mərkəzindən ilham alındığını bildirir.