Kolumbiyanın qərbində baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı ən azı 111 nəfərə çatıb, dağıntılar altında qalan insanların axtarışı isə davam edir.
MSNews.az xəbər verir ki, “Reuters” zəlzələnin avqustun 10-da ölkənin qərbində baş verdiyini bildirir. İlkin mərhələdə ölənlərin sayı 20, daha sonra 47 nəfər göstərilsə də, xilasetmə əməliyyatları davam etdikcə itkilərin miqyası artıb. Agentliyin son məlumatına görə, azı 111 nəfər ölüb, onlarla insan yaralanıb.
Kolumbiya Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin maqnitudası 7,4, ocağının dərinliyi isə təxminən 103 kilometr olub. Episentr Çoko departamentinin San-Xose-del-Palmar yaşayış məntəqəsi yaxınlığında yerləşib. Yeraltı təkanlar ölkənin geniş ərazisində hiss olunub.
“Associated Press” zəlzələnin Kali, Pereira, Kibdo və Manisales də daxil olmaqla bir sıra şəhərlərdə ciddi dağıntılara səbəb olduğunu yazır. Onlarla bina tamamilə dağılıb, yüzlərlə tikiliyə ziyan dəyib.
Ən ağır vəziyyətin qeydə alındığı ərazilərdə xilasedicilər dağıntılar altında qalan insanlara çatmağa çalışırlar. Ölən və yaralananların sayı axtarış-xilasetmə əməliyyatları davam etdiyindən yenidən arta bilər.