İlham Əliyev Pezeşkiana təşəkkür etdi

Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana Azərbaycan haqqında söylədiyi sözlərə görə təşəkkür edib və son hadisələr zamanı Azərbaycanın İran xalqının yanında olduğunu bildirib.

63

Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə təşəkkür edib və iki xalqın çətin dövrlərdə bir-birinin yanında olduğunu vurğulayıb.

MSNews.az xəbər verir ki, dövlət başçısı avqustun 10-da “X” sosial şəbəkəsindəki rəsmi hesabında Pezeşkianın Azərbaycanla bağlı son açıqlamalarına münasibət bildirib. Bu barədə “APA”“Trend” məlumat yayıb.

“Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi”, – İlham Əliyev qeyd edib.

Açıqlama Pezeşkianın Azərbaycanın müharibə dövründə İrana göstərdiyi dəstək barədə fikirlərindən sonra verilib. İran prezidenti Tehranda keçirdiyi mətbuat konfransında Azərbaycanın müxtəlif məsələlərdə İrana əhəmiyyətli yardım göstərdiyini, nəqliyyat marşrutları və digər problemlərin danışıqlardan sonra həll edildiyini bildirmişdi. Bu barədə “Trend” məlumat yayıb.

Pezeşkianın sözlərinə görə, regional diplomatiya və qonşu dövlətlərlə əməkdaşlıq İranın müharibə şəraitində üzləşdiyi problemlərin aradan qaldırılmasında mühüm rol oynayıb.