Vuçiç: “Serbiya heç bir tərəfə keçməyib”

Serbiya Prezidenti Aleksandar Vuçiç Volodimir Zelenskinin Belqrada səfərindən sonra ölkəsinin xarici siyasət kursunu dəyişmədiyini və Rusiyaya qarşı sanksiya tətbiq etmədiyini bildirib.

46

Serbiya Prezidenti Aleksandar Vuçiç Ukrayna Prezidenti Volodimir Zelenskinin Belqrada səfərindən sonra ölkəsinin siyasi kursunu dəyişdirmədiyini və “heç bir tərəfə keçmədiyini” bildirib.

MSNews.az xəbər verir ki, Vuçiç avqustun 9-da jurnalistlərin suallarını cavablandırarkən Zelenskinin səfəri ilə bağlı səslənən tənqidləri şərh edib. Serbiyanın “Tanjug” agentliyinin məlumatına görə, prezident bildirib ki, bir müddət əvvəl onu Serbiyanı Rusiyaya həddindən artıq yaxınlaşdırmaqda ittiham edənlər indi Zelenski ilə görüşün fotosunu ölkənin “digər tərəfə keçməsi” kimi təqdim edirlər.

“Biz heç yerə keçməmişik”, – Vuçiç deyib. Onun sözlərinə görə, Serbiya müstəqil və suveren siyasət yürütməyə davam edir və onun əsas vəzifəsi ölkəsinin maraqlarını qorumaqdır. Vuçiç həmçinin Rusiyaya qarşı sanksiya tətbiq edilmədiyini xatırladaraq Zelenskinin səfərinin Serbiyanın mövqeyini dəyişmədiyini vurğulayıb.

Prezident Rusiya-Ukrayna müharibəsində tərəflərdən heç birinin qələbəsini arzulamadığını, əsas məqsədin sülhə nail olmaq olduğunu bildirib. O, eyni zamanda Serbiyanın Ukraynanı qınamaq üçün səbəb görmədiyini söyləyib.

Zelenski avqustun 8-də prezidentliyi dövründə ilk dəfə Serbiyaya rəsmi səfər edib. Serbiya Prezident Administrasiyasının məlumatına görə, tərəflər ikitərəfli münasibətləri, iqtisadiyyat, ticarət, energetika və Avropaya inteqrasiya məsələlərini müzakirə ediblər. Vuçiç görüş zamanı Serbiyanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini də bəyan edib.

“Euronews” qeyd edir ki, Belqrad Moskva ilə tarixi əlaqələrini qorumaqla yanaşı, Avropa İttifaqına üzvlük kursunu davam etdirir. Vuçiç Zelenskinin səfərindən əvvəl də Serbiyanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəyini bildirmişdi.