Zelenski Ceyhun Bayramovu Kiyevdə qəbul edib

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovla müdafiə, enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığı, Qara dənizdəki vəziyyəti və taxıl dəhlizlərini müzakirə edib.

61

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu Kiyevdə qəbul edib.

MSNews.az xəbər verir ki, bu, Ceyhun Bayramovun Rusiya–Ukrayna müharibəsinin genişmiqyaslı mərhələsinin başlamasından sonra Ukraynaya ilk səfəridir. Zelenski Azərbaycan nümayəndə heyətinə ölkəsindəki son hərbi vəziyyət, Qara dənizdə baş verənlər və taxıl dəhlizlərinin bloklanması barədə məlumat verib.

Görüşdə yüksək səviyyəli diplomatik təmaslar, müdafiə sahəsində əməkdaşlıq, həmçinin energetika, neft-qaz sənayesi və kənd təsərrüfatı üzrə birgə fəaliyyət imkanları müzakirə olunub. Tərəflər iki ölkə prezidentlərinin əvvəlki görüşündə əldə olunan razılaşmaların icrasına da toxunublar.

Zelenski Azərbaycana Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə, eləcə də enerji və humanitar yardıma görə təşəkkür edib. Bayramov isə Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini və humanitar yardımı davam etdirəcəyini bildirib.