Husilər “Daisy” tankerini raketlə vurduqlarını iddia ediblər

Husilər Ədən körfəzində Səudiyyə Ərəbistanına məxsus “Daisy” tankerinə ballistik raket zərbəsi endirdiklərini açıqlayıblar. Gəminin vurulması müstəqil şəkildə təsdiqlənməyib.

63

Yəmənin Husilərin “Ənsar Allah” hərəkatı Ədən körfəzində Səudiyyə Ərəbistanına məxsus “Daisy” neft tankerinə ballistik raketlə hücum etdiyini bəyan edib.

MSNews.az xəbər verir ki, “Reuters” hərəkatın hərbi sözçüsü Yəhya Səriyə istinadən raketin gəmini vurduğunun və tankeri geri dönməyə məcbur etdiyinin iddia olunduğunu yazıb. Səudiyyə Ərəbistanı hadisəni təsdiqləməyib.

Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzinin məlumatına görə, Ədən şəhərindən 95 dəniz mili cənub-şərqdə üzən tankerin yaxınlığında güclü partlayış baş verib. Ekipaj üzvləri xəsarət almayıb. “Seatrade Maritime News” partlayışın gəminin sol tərəfindən təxminən 40 metr aralıda qeydə alındığını və tankerin zədələnmədiyini bildirib. Buna görə husilərin raketin birbaşa gəmiyə dəyməsi barədə açıqlaması hələlik müstəqil təsdiqini tapmayıb.

Husilər hücumu iyulda elan etdikləri dəniz blokadasının tərkib hissəsi adlandırıblar. Qruplaşma Səudiyyə tankerlərinin marşrutlarını izlədiyini və onların Qırmızı dənizin həm şimal, həm də cənub istiqamətindən keçməsinə mane olacağını bildirib. “Anadolu Agentliyi” bunun husilərin eyni gün ərzində Səudiyyə tankerinə qarşı açıqladığı ikinci hücum olduğunu qeyd edib.