“Tramp” sinifli donanma 275 milyard dollara başa gələ bilər

ABŞ Konqresinin Büdcə İdarəsi 15 nüvə mühərrikli “Tramp” sinifli döyüş gəmisinin tikintisinin 275 milyard dollara başa gələcəyini proqnozlaşdırıb.

66

ABŞ Prezidenti Donald Trampın təklif etdiyi 15 nüvə mühərrikli döyüş gəmisindən ibarət proqramın ümumi dəyəri təxminən 275 milyard dollara çata bilər.

MSNews.az xəbər verir ki, ABŞ Konqresinin Büdcə İdarəsinin hesablamasına əsasən, ilk “Tramp” sinifli gəmi təxminən 23,4 milyard dollara, sonrakı 14 gəminin hər biri isə orta hesabla 18 milyard dollara başa gələcək. Proqramın 2056-cı ilədək həyata keçirilməsi nəzərdə tutulur.

“USNI News” yazır ki, nüvə mühərriki əvəzinə adi enerji qurğusundan istifadə xərcləri təxminən 13 faiz azalda bilər. Gəmilərin 35 min tonluq olması, hipersəs raketləri, lazerlər və elektromaqnit rels topu ilə təchiz edilməsi də qiymətə təsir göstərir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin əvvəlki büdcə sənədlərində ilk gəmi üçün 17,47 milyard dollar nəzərdə tutulmuşdu. Beləliklə, yeni proqnoz ilkin qiymətləndirmədən təxminən 6 milyard dollar yüksəkdir. Bununla belə, CBO layihənin texniki xüsusiyyətləri tam müəyyənləşmədiyindən yekun məbləğin dəyişə biləcəyini vurğulayır. Bu barədə “DefenseScoop” məlumat yayıb.