İsrailin “Mossad” kəşfiyyat xidmətinin keçmiş direktoru David Barnea “Ondas Defense” şirkətinin qlobal prezidenti və İdarə Heyətinin sədri təyin olunub.
MSNews.az xəbər verir ki, “Nasdaq”da səhmləri dövriyyədə olan ABŞ şirkəti təyinatı avqustun 3-də açıqlayıb. Barnea şirkətin beynəlxalq genişlənməsinə, strateji texnologiyaların inkişafına və süni intellektlə idarə olunan müdafiə sistemlərinin inteqrasiyasına rəhbərlik edəcək. Onun ilkin diqqət mərkəzində Yaxın Şərq, Avropa və Asiya bazarları olacaq.
Bu barədə “The Times of Israel” məlumat yayıb.
Şirkət Barneanın yeni vəzifəsinin əvvəlki dövlət fəaliyyəti ilə əlaqəli olmadığını, “Ondas”ın “Mossad”la əməliyyat münasibətinin mövcud olmadığını və məxfi məlumatların istifadəsinə yol verilməyəcəyini bildirib. “Ondas” son dörd həftədə pilotsuz sistemlər, kəşfiyyat və dronlara qarşı müdafiə texnologiyaları üzrə 70 milyon dollardan çox sifariş aldığını da açıqlayıb.
Barnea 2021–2026-cı illərdə “Mossad”a rəhbərlik edib və beşillik səlahiyyət müddətini iyunda başa vurub. “Reuters” onun yerinə Roman Qofmanın təyin olunduğunu bildirib.