Suriya ABŞ ilə münasibətləri yaxşılaşdırmaq və qalan sanksiyaların aradan qaldırılmasına nail olmaq üçün Rusiyadan neft idxalını kəskin azaltmağa hazır olduğunu bildirib.
MSNews.az xəbər verir ki, “Reuters” üç mənbəyə istinadən Vaşinqtonun Dəməşqdən Rusiyanın enerji resurslarından asılılığı azaltmaq barədə öhdəlik aldığını yazıb. ABŞ rəsmiləri isə bunun Suriyanın terrorizmi dəstəkləyən dövlət statusunun ləğvi üçün rəsmi şərt olmadığını bildiriblər.
Rusiyadan Suriyaya neft tədarükü bu il 75 faiz artaraq gündə təxminən 60 min barrelə çatıb. Suriya rəsmiləri ölkənin mövcud məhdudiyyətlər səbəbindən alternativ tədarükçülər tapmaqda çətinlik çəkdiyini deyirlər.
ABŞ iyulun 8-də Suriyanın 1979-cu ildən qüvvədə olan terrorizmi dəstəkləyən dövlət statusunun ləğvi proseduruna başlayıb. Qərarın qüvvəyə minməsi üçün 45 günlük Konqresə bildiriş müddəti nəzərdə tutulub.