Mindən çox hüquqşünas AfD-nin qadağanını tələb edib

Almaniyada 1051 hüquqşünas açıq məktubla hökumət və parlamenti AfD-nin qadağan edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etməyə çağırıb.

66

Almaniyada 1051 hüquqşünas, hakim və prokuror sağçı “Almaniya üçün Alternativ” Partiyasının — AfD-nin qadağan edilməsi prosedurunun başlanmasını tələb edən açıq məktubu imzalayıb.

MSNews.az xəbər verir ki, “Tagesschau” məktubun Respublikaçı Hüquqşünaslar Assosiasiyası tərəfindən federal hökumətə və Bundestaqa ünvanlandığını bildirib. İmzaçılar AfD-nin fəaliyyətinin insan ləyaqəti və demokratik quruluş prinsiplərinə zidd olduğunu iddia edirlər.

Müraciət Vətəndaş Azadlıqları Cəmiyyətinin hazırladığı hüquqi rəyə əsaslanır. Sənəddə AfD-yə qarşı mümkün qadağa müraciətinin Federal Konstitusiya Məhkəməsində uğur qazana biləcəyi bildirilir. Bununla belə, rəy məhkəmə qərarı deyil.

Almaniya qanunlarına görə, partiyanın qadağan edilməsini yalnız Federal Konstitusiya Məhkəməsi qərara ala bilər. Məhkəməyə isə federal hökumət, Bundestaq və ya Bundesrat müraciət edə bilər.