Nyu-York məktəbi humanoid robot layihəsini dayandırdı

Nyu-York ştatındakı Salamanca məktəb dairəsi 57,5 min dollara aldığı “Salli” adlı humanoid robotun siniflərdə tətbiqini müəllimlər, valideynlər və təhsil rəsmilərinin etirazlarından sonra müvəqqəti dayandırıb.

64

ABŞ-nin Nyu-York ştatındakı Salamanka şəhər məktəb dairəsi müəllimlər, yerli sakinlər və təhsil rəsmilərinin etirazlarından sonra “Salli” adlı süni intellektlə işləyən humanoid robotun siniflərdə tətbiqi planını müvəqqəti dayandırıb.

MSNews.az xəbər verir ki, məktəb dairəsi “Realbotix” şirkətindən robotu 57 590 dollara alıb. Layihəyə əsasən, “Salli” yuxarı sinif şagirdlərinə proqramlaşdırma, robototexnika və süni intellekt mövzularında kömək edən tədris vasitəsi kimi istifadə olunmalı idi.

Bu barədə “Associated Press” məlumat yayıb.

Robot oturaq vəziyyətdə fəaliyyət göstərir, danışa, üz ifadələrini təqlid edə və bədəninin yuxarı hissəsi ilə hərəkətlər edə bilir. Məktəb rəhbərliyi onun müəllimi əvəz etməyəcəyini, yalnız texnologiya dərslərində şagirdlərə əlavə kömək göstərəcəyini bildirib. Layihə “Realbotix”in ABŞ məktəbində həyata keçirməyi planlaşdırdığı ilk humanoid robot proqramı kimi təqdim olunurdu.

Lakin təşəbbüs müəllimlərin və yerli ictimaiyyətin ciddi etirazı ilə üzləşib. Nyu-York Ştatı Müəllimlər Birliyinin nümayəndələri şagirdlərin alqoritmlərlə deyil, real müəllimlərlə ünsiyyətə ehtiyac duyduqlarını bildirərək layihəni “tamamilə yersiz” adlandırıblar. Onlar şagird məlumatlarının qorunması, danışıqların qeydə alınması və gələcəkdə müəllim əməyinin texnologiya ilə əvəzlənməsi ehtimalından narahat olduqlarını deyiblər.

Bu barədə “The Guardian” yazıb.

Məktəb dairəsi isə robotun internetə qoşulmayacağını, şəxsi məlumat toplamayacağını və yalnız əvvəlcədən təsdiqlənmiş, yerli sistemdə saxlanılan tədris materialları əsasında işləyəcəyini açıqlayıb. Buna baxmayaraq, Nyu-York ştatının təhsil komissarı Betti Rosa məxfilik, təhlükəsizlik və robotun tədrisdəki konkret rolu ilə bağlı əlavə təminatların tələb olunduğunu bildirib.

Layihə Salamanka məktəblərində oxuyan şagirdlərin böyük hissəsinin yerli Seneka xalqına mənsub olması səbəbindən də tənqid edilib. Bəzi icma üzvləri yerli xalqlardan olan uşaqların yeni texnologiyanın sınaq obyekti kimi seçilməsini mədəni və tarixi baxımdan qəbuledilməz adlandırıblar. Məktəb dairəsi Seneka xalqının ərazisində yerləşir və şagirdlərin təxminən üçdə birindən çoxu yerli amerikalıdır.

“Realbotix”in korporativ keçmişi də mübahisələri gücləndirib. Şirkət 2024-cü ildə hiperrealistik seks kuklaları və robotları istehsal edən “Simulacra” şirkəti ilə bağlı aktivləri əldə edib. “Realbotix” isə məktəb üçün hazırlanan “Salli”nin böyüklər üçün nəzərdə tutulan məhsullarla heç bir texniki əlaqəsinin olmadığını və sıfırdan təhsil məqsədilə hazırlandığını bildirib.

Məktəb rəhbərliyi layihənin tamamilə ləğv edilmədiyini açıqlayıb. “Salli”nin tətbiqi məlumatların qorunması üzrə razılaşmalar, icma müzakirələri və əlavə təhlükəsizlik tədbirləri tamamlanana qədər təxirə salınıb.