MSNews.az xəbər verir ki, Tramp bu barədə iyulun 15-də Pensilvaniya ştatının Karlayl şəhərində, ABŞ Ordu Hərbi Kollecində keçirilən Müdafiə və İnnovasiya Sammitində çıxışı zamanı danışıb. Tədbirdə iştirakı Ağ Evin rəsmi videosunda da əks olunub.
“Biz müharibələr aparırdıq, nəyisə partladırdıq, sonra çıxıb gedirdik. Hamı soruşurdu: ‘Bunun məqsədi nə idi?’ Heç kim bu suala cavab verə bilmirdi. Biz artıq belə etmirik”, – Tramp bildirib.
Prezident bu sözlərlə ABŞ-nin əvvəlki hərbi strategiyasını tənqid edərək, onun administrasiyası dövründə həyata keçirilən əməliyyatların konkret məqsədlərə əsaslandığını vurğulayıb.
“Associated Press” Trampın çıxışının ABŞ-nin İrana qarşı yeni raket zərbələri endirdiyi və ölkənin kritik raket ehtiyatlarının azalması ilə bağlı narahatlıqların artdığı bir vaxtda baş tutduğunu yazıb. Tramp çıxışında İranla bağlı əməliyyatlara qısa toxunaraq ABŞ-nin prosesdə uğur qazandığını iddia edib.
“Reuters” bildirir ki, sammitin əsas mövzusu ABŞ-nin müdafiə sənayesində istehsalın sürətləndirilməsi və silah ehtiyatlarının artırılması olub. Ukrayna və Yaxın Şərqdə davam edən münaqişələrin Amerika ordusunun raket və digər sursat ehtiyatlarına ciddi təzyiq göstərdiyi qeyd edilir.
Tramp tədbirdə ABŞ-nin müdafiə və texnologiya şirkətləri tərəfindən təxminən 10 milyard dollarlıq sərmayə vəd edildiyini də bildirib. “Associated Press” bu məbləğin detalları barədə əlavə məlumatın təqdim olunmadığını qeyd edib.