Tailandda it evə işlək əl qumbarası gətirib

Tailandın Sisaket vilayətində it paslı əl qumbarasını oyuncaq zənn edərək ailənin həyətinə gətirib. Çin istehsalı “Type 82-2” qumbarası sonradan təhlükəsiz ərazidə məhv edilib.

9

MSNews.az xəbər verir ki, hadisə iyulun 10-da ölkənin şimal-şərqindəki Sisaket vilayətinin Non Khun rayonunda baş verib. “Banmuang” nəşrinin məlumatına görə, şübhəli əşyanın evin həyətində tapılması barədə yerli rəhbərliyə günorta saatlarında məlumat verilib.

Ev sahibi Rungnapa Duangta xəstəxanadan qayıtdıqdan sonra həyətdə paslanmış, yumru və tünd rəngli əşya görüb. Əvvəlcə bunun köhnə metal və ya plastik parçası olduğunu düşünüb. Əşyanı yoxlayarkən üzərində qoruyucu halqanın olduğunu görərək onun qumbara ola biləcəyini anlayıb.

Ailənin yaşlı üzvlərindən biri bildirib ki, it əşyanı səhər saatlarında naməlum yerdən gətirib və uzun müddət onunla oynayaraq gəmirib. Evdəkilər isə bunu köhnə sümük və ya plastik parçası hesab etdikləri üçün təhlükəni hiss etməyiblər.

Hadisə yerinə gələn polis və partlayıcı sursatların zərərsizləşdirilməsi üzrə mütəxəssislər əşyanın Çin istehsalı olan “Type 82-2” qəlpəli əl qumbarası olduğunu müəyyənləşdiriblər. Qumbara paslansa da, onun əsas mexanizmləri salamat qalıb və partlama qabiliyyətini itirməyib.

Mütəxəssislərin qiymətləndirməsinə görə, qoruyucu mexanizmin işə düşməsi və ya qumbaranın güclü zərbə alması partlayışa səbəb ola bilərdi. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Sursat yaşayış məntəqəsindən uzaqdakı açıq sahəyə aparılaraq nəzarətli partlayışla məhv edilib. Partlayış nəticəsində torpaqda təxminən 30 santimetr dərinliyində və 60 santimetr enində çuxur yaranıb. Rəsmilər bunun qumbaranın dağıdıcı gücünü hələ də saxladığını göstərdiyini bildiriblər.

Non Khun rayonunun rəhbəri Çayvat Tammavat sakinlərə xəbərdarlıq edərək şübhəli hərbi sursat, güllə və ya partlayıcı əşya aşkar etdikdə ona toxunmamağı və yerini dəyişməməyi tövsiyə edib. Belə hallarda ərazidən uzaqlaşaraq dərhal polisə və yerli hakimiyyət orqanlarına məlumat verilməlidir.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031