Bakının mövqeyi İsraildə müzakirələrə səbəb oldu

İsrail hökumətinin “erməni soyqırımı”nın tanınması ilə bağlı qərarı Azərbaycanın etirazından sonra İsrail daxilində də müzakirələrə səbəb olub. İsrailli ekspertlər və Azərbaycan yəhudi icması təşəbbüsün Bakı ilə münasibətlərə zərər vura biləcəyini bildiriblər.

7

İsrail hökumətinin “erməni soyqırımı”nın tanınması ilə bağlı qərarı Azərbaycanın etirazından sonra İsrail daxilində də geniş müzakirələrə səbəb olub.

MSNews.az xəbər verir ki, iyunun 28-də İsrail hökuməti xarici işlər naziri Gideon Saarın təqdim etdiyi təşəbbüsü təsdiqləyib. “Associated Press” yazır ki, qərarın qüvvəyə minməsi üçün onun İsrail parlamenti — Knesset tərəfindən də təsdiqlənməsi lazımdır. Mənbəyə görə, bu addım İsrailin uzun illər davam edən ehtiyatlı mövqeyində ciddi dəyişiklik kimi qiymətləndirilib.

Azərbaycan Xarici İşlər Nazirliyi isə İsrail hökumətinin qərarını “ciddi narahatlıq doğuran” addım adlandırıb. Azərbaycan XİN bildirib ki, 1915-ci il hadisələri ilə bağlı tarixi faktların təhrif edilməsi və mürəkkəb tarixi məsələnin hüquqi və elmi əsaslardan kənar siyasi qərara çevrilməsi qəbuledilməzdir. Nazirlik İsrail tərəfini qərara yenidən baxmağa çağırıb.

Bakının mövqeyi İsrail mediasında və ekspert dairələrində də əks-səda doğurub. “The Jerusalem Post” yazır ki, Yerusəlim Strateji və Təhlükəsizlik İnstitutunun prezidenti, İsrail-Türkiyə münasibətləri üzrə ekspert Efraim İnbar bu qərarı “uşaqcasına və xırda səhv” adlandırıb. Onun fikrincə, təşəbbüs Türkiyəyə siyasi mesaj kimi düşünülmüş ola bilər, lakin nəticədə İsrail üçün strateji aktiv sayılan Azərbaycana zərər verə bilər.

Eyni zamanda, Azərbaycanın üç əsas yəhudi icmasının liderləri Knesset üzvlərinə müraciət edərək təşəbbüsü dəstəkləməməyə çağırıblar. “i24NEWS” yazır ki, Dağ yəhudiləri, aşkenaz və sefard icmalarının nümayəndələri müraciətdə belə mürəkkəb tarixi məsələlərin siyasi qərarlarla deyil, tarixçilər və mütəxəssislər tərəfindən araşdırılmalı olduğunu bildiriblər. Onlar bu addımın İsrail-Azərbaycan strateji münasibətlərinə zərər verə biləcəyini vurğulayıblar.

“Ynet” İsrail-Azərbaycan münasibətlərinə bələd mənbələrə istinadən yazır ki, Bakı bu qərarı “qırmızı xəttin keçilməsi” kimi qiymətləndirib. Mənbələrə görə, Azərbaycan tərəfi İsrailin uzun illər ərzində göstərilən dəstəyi və Bakı üçün həssas olan regional konteksti nəzərə almadığını düşünür. Nəşr həmçinin qeyd edir ki, hazırda Bakı məsələnin Knessetdə irəliləməyəcəyinə və səsverməyə çıxarılmayacağına ümid edir.

Azərbaycan yəhudi mediası olan “JNews.az” isə iddia edir ki, Bakının diplomatik səylərindən sonra təşəbbüs faktiki olaraq dondurulub və məsələ İsrail hökuməti və parlamentinin gündəmində irəli aparılmayıb. Bununla belə, açıq mənbələrdə təşəbbüsün rəsmi şəkildə geri çəkilməsi və ya Knesset prosedurunun tam dayandırılması barədə İsrail hökumətindən ayrıca təsdiq hələlik yoxdur.

Bu baxımdan, baş verənlər Azərbaycanın diplomatik mövqeyinin İsrail daxilində ciddi rezonans yaratdığını göstərir. Bakı strateji tərəfdaşlıq münasibətlərinə baxmayaraq, milli maraqlara və Türkiyə ilə müttəfiqlik münasibətlərinə toxunan məsələdə susmayıb, mövqeyini açıq və diplomatik kanallarla ifadə edib.

Hadisə həm də Azərbaycan-İsrail münasibətlərinin yalnız təhlükəsizlik, enerji və texnologiya əməkdaşlığı ilə məhdudlaşmadığını, qarşılıqlı siyasi həssaslıqların da bu münasibətlərdə mühüm rol oynadığını göstərir. Məsələnin Knessetdə necə davam edəcəyi isə hələlik açıq qalır.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.