Xorvatiya millisinin kapitanı Luka Modriç Dünya Çempionatından sonra milli komandadakı karyerasını davam etdirə bilər.
MSNews.az xəbər verir ki, Xorvatiyanın “Tportal” nəşri “24sata” jurnalisti Hrvoje Tironiyə istinadən yazıb ki, Slaven Biliçin Xorvatiya millisinin baş məşqçisi postuna qayıdışından sonra Modriçin komandada qalması gözlənilir. Mənbəyə görə, 40 yaşlı yarımmüdafiəçi daha bir il, Millətlər Liqası dövrü ərzində “vatreni”lərin heyətində qala bilər.
“24sata”nın məlumatına əsasən, Slaven Biliçin ən geci yaxın günlərdə Xorvatiya millisinin yeni baş məşqçisi olacağı gözlənilir. Nəşr bildirir ki, təcrübəli mütəxəssis 14 illik fasilədən sonra yığmanın sükanı arxasına qayıda bilər və çox yaxın zamanda komandanın kapitanı ilə danışıq aparacaq.
Modriçin qərarına Biliç amilinin təsir etdiyi bildirilir. “Tportal” yazır ki, Modriçin milli komandadakı yolunun mühüm hissəsi məhz Biliçin ilk baş məşqçilik dönəmində formalaşıb və plan baş tutarsa, kapitan komandada həm futbolçu, həm də mentor rolunu yerinə yetirə bilər.
Bununla belə, Modriçin Xorvatiya millisində qalıb-qalmayacağı hələ rəsmi şəkildə açıqlanmayıb. Hazırda bu məlumat Xorvatiya mediasının mənbələrinə əsaslanır və Xorvatiya Futbol Federasiyası tərəfindən yekun qərar kimi təsdiqlənməyib.