Paraqvaylı senator Seleste Amarilyanın vəkili Gilyermo Duarte kakavelos Fransa millisinin kapitanı Kilian Mbappeyə qarşı hüquqi addımların atıla biləcəyini bildirib.
MSNews.az xəbər verir ki, “ABC Color” nəşrinin məlumatına görə, vəkil Mbappenin senator barədə sosial şəbəkədə yazdığı ifadələrin Paraqvayda “diffamasiya və böhtan” kimi qiymətləndirilə biləcəyini iddia edib. Duarte Kakavelos bildirib ki, əgər Amarilya rəsmi şikayət versə, futbolçuya qarşı proses başlana və hətta onun Paraqvaya ekstradisiyası tələb oluna bilər.
Vəkilin sözlərinə görə, Mbappenin sözləri sosial şəbəkədə yazılsa da, “nəticələri Paraqvayda yarandığı” üçün işin Paraqvay yurisdiksiyasında araşdırılması mümkündür. O, eyni zamanda belə bir iddianın həm Paraqvay, həm də Fransa qanunvericiliyində nəzərdə tutulduğunu deyib. Bununla belə, hələlik Mbappeyə qarşı rəsmi işin açıldığı və ya ekstradisiya müraciətinin edildiyi təsdiqlənmir.
Qalmaqal DÇ-2026-nın 1/8 finalında Fransa millisinin Paraqvayı 1:0 hesabı ilə məğlub etməsindən sonra başlayıb. Mbappe həmin oyunda qələbə qolunu penaltidən vurub və bundan sonra senator Amarilya sosial şəbəkədə futbolçu barədə irqçi ifadələr işlədib.
Mbappe buna cavab olaraq senatoru “alçaq qadın” və Paraqvay Konqresində vəzifəyə “layiq olmayan” şəxs adlandırıb. Amarilya Mbappenin bu sözlərinə görə ondan üzr tələb edib və geri çəkilməyəcəyi halda hüquqi addımlar atacağını bildirib.
Fransa Futbol Federasiyası isə Amarillanın Mbappeyə qarşı ifadələrini “qəbuledilməz” adlandıraraq hüquqi addımlar atacağını açıqlayıb. Paris prokurorluğu da Fransa millisinin kapitanına qarşı irqçi təhqir və nifrətə çağırış ehtimalı üzrə araşdırmaya başlayıb. Fransa qanunvericiliyinə görə, zərərçəkən Fransa vətəndaşı olduqda xaricdə edilən bu tip açıqlamalar üzrə də araşdırma aparıla bilər.
Paraqvay hökuməti isə senatorun ifadələrindən məsafə saxlayıb. Rəsmi Asunsion Amarilyanın sözlərinin Paraqvay dövlətinin və xalqının mövqeyini əks etdirmədiyini, ölkənin insan ləyaqətinə və ayrı-seçkiliyə qarşı prinsiplərə sadiq olduğunu bildirib.