Coui Çestnat 18-ci dəfə hot-doq yarışmasının qalibi oldu

Amerikalı Coui “Çənələr” Çestnat Nyu-Yorkun Koni-Aylend bölgəsində keçirilən Nathan’s Famous hot-doq yemək yarışmasında 10 dəqiqəyə 66 hot-doq yeyərək 18-ci dəfə “Xardal kəməri”ni qazanıb.

20

Amerikalı Coui “Çənələr” Çestnat Nyu-Yorkun Koni-Aylend bölgəsində keçirilən ənənəvi “Nathan’s Famous Fourth of July International Hot Dog Eating Contest” yarışmasının qalibi olub.

MSNews.az xəbər verir ki, 42 yaşlı Çestnat 10 dəqiqə ərzində 66 hot-doq yeyərək kişilər arasında birinci yeri tutub və karyerasında 18-ci dəfə yarışmanın əsas mükafatı sayılan “Xardal kəməri”ni qazanıb. “Major League Eating“-in məlumatına görə, qadınlar arasında isə Miki Sudo 38,75 hot-doqla titulunu qoruyub.

Çestnat Nathan’s yarışmasının mütləq rekordçusu olaraq qalır. O, bu nəticə ilə yarışmada 21 iştirak ərzində 18-ci qələbəsini qazanıb. Buna baxmayaraq, amerikalı yarışdan sonra daha yüksək nəticə gözlədiyini, lakin isti hava və rütubətin performansa təsir etdiyini bildirib.

Çestnatın yarışma tarixindəki ən böyük göstəricisi 2021-ci ildə müəyyən etdiyi 10 dəqiqəyə 76 hot-doq rekordudur. “Reuters” yazır ki, bu il Nyu-Yorkda temperaturun yüksək olması və rütubətin bulka strukturuna təsiri onun rekordu yeniləməsinə mane olub.

Yarışda Çestnatın əsas rəqiblərindən biri 2024-cü ilin qalibi Patrik Bertoletti olub. Bertoletti 51 hot-doqla ikinci yeri tutub.

Nathan’s hot-doq yemək yarışması ABŞ-da hər il 4 iyul — Müstəqillik Günü münasibətilə keçirilən ən məşhur qeyri-adi idman tədbirlərindən biri hesab olunur. Yarışma həm iştirakçıların fiziki dözümlülüyü, həm də Çestnatın uzunmüddətli dominantlığı ilə diqqət çəkir.