Ağ Ev Baloqunun cəzasının ləğvi üçün FIFA-ya təsir edib

“The Wall Street Journal” yazır ki, Ağ Ev Folarin Baloqunun qırmızı vərəqədən sonra aldığı cəzanın ləğvi üçün FIFA ilə fəal təmas qurub. Donald Trampın Canni İnfantinoya zəngi və FIFA-nın 27-ci maddəyə əsaslanan qərarı futbol dünyasında böyük narazılıq yaradıb.

17

The Wall Street Journal” ABŞ millisinin hücumçusu Folarin Baloqunun qırmızı vərəqədən sonra aldığı cəzanın ləğvi üçün Ağ Evdə aparılan kampaniyanın təfərrüatlarını dərc edib.

MSNews.az xəbər verir ki, nəşrin məlumatına görə, Baloqun Bosniya və Herseqovina ilə DÇ-2026-nın 1/16 final matçında qırmızı vərəqə aldıqdan sonra Ağ Evdə narahatlıq yaranıb. Hücumçunun avtomatik bir oyunluq diskvalifikasiyası onu Belçikaya qarşı 1/8 final görüşündən kənarda qoya bilərdi. Nəşr yazır ki, Tramp administrasiyasının yüksək vəzifəli rəsmiləri bu qərarı ABŞ millisinin növbəti mərhələyə yüksəlmək şanslarını zəiflədən “ədalətsizlik” kimi qiymətləndiriblər.

Məlumata əsasən, prosesdə ABŞ-ın ticarət naziri Hovard Lutnik və Ağ Evin Dünya Çempionatı üzrə işçi qrupunun icraçı direktoru Endryu Culiani xüsusi rol oynayıb. Onlar həmin gecədən etibarən Donald Trampla bir neçə telefon danışığı təşkil edib və Baloqunun cəzasına hüquqi qaydada etiraz edilməsi üçün prezidentə yaxın nüfuzlu hüquqşünasları prosesə cəlb etməyə başlayıblar.

Nəşrin yazdığına görə, ABŞ Futbol Federasiyası qərardan şikayət vermək imkanının olmadığını bildirdiyi vaxt Tramp məsələni həll edə biləcəyini düşündüyü şəxsə — FIFA prezidenti Canni İnfantinoya zəng edib. Daha sonra Tramp özü də İnfantinodan Baloqunun qırmızı vərəqəsinə və diskvalifikasiyasına yenidən baxmağı xahiş etdiyini təsdiqləyib.

FIFA nəticədə İntizam Məcəlləsinin 27-ci maddəsinə istinad edərək Baloqunun avtomatik cəzasının tətbiqini dayandırıb. Qurum qərarı bir illik sınaq müddəti ilə əsaslandırıb və hücumçunun Belçika ilə oyunda iştirakına icazə verib. Baloqun Bosniya və Herseqovina ilə oyunda rəqib futbolçunun topuğuna basdığı epizoda görə meydandan qovulmuşdu və bu, normal qaydada avtomatik bir oyunluq cəza yaradırdı.

Qərar futbol dünyasında kəskin reaksiyaya səbəb olub. UEFA FIFA-nın addımını “qırmızı xəttin keçilməsi” kimi qiymətləndirib və bunun turnirin etibarlılığına zərbə vurduğunu bildirib. “Reuters“-in məlumatına görə, Belçika, İsveç və digər futbol qurumları da qərarı tənqid edib, FIFA-nın siyasi təsir altında hərəkət edib-etmədiyi barədə suallar qaldırıb.

Belçika Futbol Federasiyası hadisələrin bu cür inkişafından “sarsıldığını” bildirib və mümkün hüquqi addımları nəzərdən keçirdiyini açıqlayıb. Belçika millisinin baş məşqçisi Rudi Qarsiya isə qərarı istehza ilə qarşılayaraq bunun iyul ayında oynanılmış “1 aprel zarafatı” olub-olmadığını soruşub.

Norveç millisinin baş məşqçisi Stole Solbakken də qərarı sərt tənqid edib. O, insidenti “dünya çempionatına zərər vuracaq çox pis qərar” kimi qiymətləndirib. Futbol ictimaiyyətində əsas narahatlıq ondan ibarətdir ki, bu addım siyasi müdaxilə və qaydaların seçmə şəkildə tətbiqi görüntüsü yaradıb.

FIFA isə Ağ Evin mümkün təsiri ilə bağlı sualları şərh etməyib və İntizam Komitəsinin müstəqil qurum olduğunu vurğulayıb. Buna baxmayaraq, Baloqun qalmaqalı DÇ-2026-nın ən böyük idarəçilik böhranlarından birinə çevrilib.