Rusiyanın PUA-ları Ukraynada SOCAR məntəqəsini vurdu

Rusiyaya məxsus “Şahed” tipli PUA-ların Ukraynanın Nikolayev vilayətində SOCAR yanacaqdoldurma məntəqəsinə zərbə endirdiyi bildirilir. Hücum nəticəsində partlayış baş verib, stansiyanın inzibati binasına ziyan dəyib.

16

Rusiyanın Ukraynaya növbəti PUA hücumu zamanı Azərbaycan Dövlət Neft Şirkətinə məxsus SOCAR yanacaqdoldurma məntəqəsinin hədəfə alındığı bildirilir.

MSNews.az xəbər verir ki, hadisə iyulun 5-i axşam saatlarında Ukraynanın Nikolayev vilayətində baş verib. “SOCAR Energy Ukraine” şirkətinin məlumatına görə, Rusiyaya məxsus “Şahed” tipli üç zərbə PUA-sı Nikolayev vilayətinin Neçayane kəndində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinə hücum edib.

Hücum nəticəsində yanacaqdoldurma məntəqəsində partlayış baş verib, stansiyanın inzibati binasına ziyan dəyib. Şirkət bildirib ki, hadisə zamanı bütün əməkdaşlar hava həyəcanı siqnalından sonra sığınacağa keçdikləri və təhlükəsizlik protokollarına əməl etdikləri üçün SOCAR əməkdaşları arasında xəsarət alan olmayıb.

APA-nın məlumatına görə, Neçayane kəndindəki məntəqəyə ilk zərbə saat 19:16-da, ikinci zərbə isə 19:33-də endirilib. Məntəqə Nikolayev şəhərindən təxminən 30 kilometr məsafədə yerləşir.

Qeyd edək ki, SOCAR Ukraynada uzun illərdir yanacaqdoldurma məntəqələri şəbəkəsi ilə fəaliyyət göstərir. Daha əvvəl də Ukrayna rəsmiləri Rusiya zərbələrinin SOCAR-a məxsus enerji obyektlərinə ziyan vurduğunu bildirmişdi. “Reuters“-in 2025-ci ildə yaydığı məlumata görə, Ukrayna tərəfi Rusiyanın SOCAR obyektlərinə hücumlarını “məqsədli zərbələr” kimi qiymətləndirmişdi.

Hadisə Rusiya-Ukrayna müharibəsi fonunda enerji və mülki infrastruktur obyektlərinin hədəfə alınması ilə bağlı narahatlığı daha da artırıb.