Monakoda yaralanan ukraynalı iş adamı komadan çıxıb

Monakoda baş verən partlayışda xəsarət alan ukraynalı iş adamı Vadim Yermolayevin komadan çıxdığı bildirilir. Onun 13 yaşlı oğlunun həyatı üçün təhlükə olmadığı, Anna Nasobinanın isə kritik vəziyyətdə qaldığı qeyd olunur.

18

Monakoda baş verən partlayışda ağır yaralanan ukraynalı iş adamı Vadim Yermolayevin vəziyyətində müsbət dinamika qeydə alınıb.

MSNews.az xəbər verir ki, iyunun 29-da Monakoda partlayış nəticəsində xəsarət alan Yermolayev komadan çıxıb və onun vəziyyəti yaxşılaşıb. Bu barədə Ukraynanın UNN agentliyi də məlumat yayıb. (Українські Національні Новини (УНН))

Hadisə iyunun 29-da Monakoda yaşayış binasının yaxınlığında baş verib. Məlumatlara görə, partlayıcı qurğu binanın girişinə yerləşdirilib və nəticədə Vadim Yermolayev, onun yanında olan qadın və 13 yaşlı oğlu yaralanıb. Partlayış zamanı üç nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti əvvəlcə kritik qiymətləndirilib.

Yermolayevin 13 yaşlı oğlunun Nitsadakı uşaq xəstəxanasında müalicəsini davam etdirdiyi bildirilir. Onun həyatına təhlükə olmadığı qeyd olunur.

İş adamının yanında olan Anna Nasobinanın vəziyyəti isə ağır olaraq qalır. “The Times”ın məlumatına görə, partlayış nəticəsində Nasobina hər iki ayağını itirib və reanimasiya şöbəsində müalicə olunur.

Xəbərlərdə qadına son günlər bir neçə dəfə qan köçürüldüyü bildirilir. Həkimlər onun görmə, eşitmə və danışma qabiliyyətini itirə biləcəyini də istisna etmirlər.

Hadisə ilə bağlı istintaq davam edir. TASS yazır ki, partlayışla əlaqəli əsas şübhəli şəxs hələ saxlanılmayıb. Məlumatlara görə, şübhəli partlayışdan sonra piyada Fransaya keçib, daha sonra isə icarəyə götürülmüş avtomobillə başqa istiqamətə hərəkət edib.