Bank rəhbəri pulları oyun əsginasları ilə əvəz edib

Cənubi Koreyada bank rəhbəri seyfdəki real əsginasları heyvan şəkilli oyun pulları ilə dəyişdirərək təxminən 45 min dollar oğurlayıb. Hadisə əməkdaşlardan birinin şübhəli davranışı görməsindən sonra üzə çıxıb.

12

Cənubi Koreyada bank rəhbəri real əsginasları uşaq oyun pulları ilə əvəz edərək böyük məbləğdə vəsait mənimsəyib.

MSNews.az xəbər verir ki, hadisə ölkədəki kiçik bank filiallarından birində baş verib. “Oddity Central” yazır ki, bank meneceri filialın seyfindən 70 milyon vondan çox vəsaiti — təxminən 45 min dolları götürüb və əvəzində ora internetdən aldığı oyun pullarını yerləşdirib.

Məlumata görə, “əsginaslar”ın üzərində ördək, ayı və digər heyvan təsvirləri olub. Onlar real pullardan açıq şəkildə fərqlənsə də, bankın pul saxlanılan anbarının mütəmadi yoxlanılmamasından istifadə edən menecer saxtakarlığı bir müddət gizlədə bilib. “Gazeta.ru” yazır ki, sosial şəbəkələrdə yayılan fotolar istifadəçilər arasında təəccüb doğurub: bir çoxları bu qədər kobud saxtalaşdırmanın necə diqqətdən yayınmasına sual edib.

Hadisə bank əməkdaşlarından birinin menecerin şübhəli davranışını görməsindən sonra üzə çıxıb. Əməkdaş bu barədə rəhbərliyə məlumat verib və aparılan daxili yoxlamadan sonra menecer vəzifəsindən uzaqlaşdırılıb. O, sonradan oğurladığı vəsaiti geri qaytarıb.

Məlumata əsasən, bank məsələni polisə müraciət etmədən daxili qaydada həll edib. Bununla belə, hadisə Cənubi Koreyada bank nəzarət mexanizmləri və nağd pul saxlanılan anbarların yoxlanılması ilə bağlı müzakirələrə səbəb olub.

Ekspertlər bildirirlər ki, bu cür hallar bank sektorunda daxili audit və ikili nəzarət mexanizmlərinin vacibliyini bir daha gündəmə gətirir. Çünki açıq-aşkar saxta olan oyun pullarının uzun müddət real əsginasların yerində qalması nəzarət sistemində ciddi boşluqların olduğunu göstərir.