Kolumbiyanın “Cerveza Águila” pivə brendi 40,5 ayaqqabı ölçüsü olan istifadəçilər üçün xüsusi kampaniya elan edib.
MSNews.az xəbər verir ki, brendin rəsmi “Instagram” paylaşımında ayaqqabı ölçüsü 40,5 olan şəxslərdən ayaqqabı etiketinin fotosunu şəxsi mesajla göndərmələri istənilib. Paylaşımda həmin istifadəçilərə kupon veriləcəyi qeyd olunub. Sosial mediada kampaniya Kolumbiya millisinin müdafiəçisi Davinson Sançesin Portuqaliya ilə oyunda ləğv edilən qolu ilə əlaqələndirilib. “Cerveza Águila” paylaşımında “Sənin ölçün 40,5-dirsə, bizə yaz” mesajı ilə futbol zarafatı yaradıb.
Hadisənin fonunda Kolumbiya və Portuqaliya yığmaları arasında DÇ-2026-nın qrup mərhələsində keçirilən oyun dayanır. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb, lakin Davinson Sançesin 90+1-ci dəqiqədə vurduğu qol ofsayd səbəbindən qeydə alınmayıb. VAR yoxlaması da qərarı təsdiqləyib; təkrarlarda futbolçunun ayaq ucunun ofsaydda olduğu göstərilib.
Kolumbiya mətbuatında və sosial şəbəkələrdə bu epizod “barmaq ucu fərqi” kimi müzakirə olunub. Bu səbəbdən “Cerveza Águila”nın 40,5 ölçüsü ilə bağlı kampaniyası azarkeşlər tərəfindən həmin epizoda yumoristik reaksiya kimi qarşılanıb.
Qeyd edək ki, “Cerveza Águila” Kolumbiyanın tanınmış pivə brendlərindən biridir. “Bavaria” şirkətinin rəsmi məlumatına görə, brend uzun illərdir Kolumbiya futbolu və milli komanda ilə əlaqəli sponsorluk fəaliyyəti ilə tanınır.