Tramp süni intellekt Ruzveltlə Panama kanalını müzakirə etdi

ABŞ Prezidenti Donald Tramp Şimali Dakotada Teodor Ruzvelt Prezident Kitabxanasına səfəri zamanı süni intellektlə yaradılmış Ruzvelt avatarından Panama kanalını ən böyük nailiyyəti sayıb-saymadığını soruşub.

13

ABŞ-da yeni prezident kitabxanasında süni intellekt texnologiyasından istifadə keçmiş prezidentlərin irsini interaktiv formada təqdim etmək cəhdi kimi diqqət çəkib.

MSNews.az “The Independent”-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Şimali Dakotanın Medora şəhərində yerləşən Teodor Ruzvelt Prezident Kitabxanasına səfəri zamanı süni intellektlə işləyən Ruzvelt avatarı ilə danışıb. Tramp rəqəmsal avatardan Panama kanalını ən böyük nailiyyəti hesab edib-etmədiyini soruşub.

Nəşrin məlumatına görə, süni intellektlə yaradılmış Ruzvelt cavabında Panama kanalını “ən çox qürur duyduğu mübarizələrdən biri” adlandırıb, lakin ən böyük işini “yaxşılaşdırılan həyatlarla” ölçdüyünü bildirib. Avatar cavabında Ruzveltin milli parklar, qida və dərman təhlükəsizliyi, həmçinin “Square Deal” daxili siyasəti ilə bağlı irsinə də istinad edib.

“Gizmodo” yazır ki, Trampın sualı onun müşaviri Marqo Martinin “X” platformasında paylaşdığı videoda əks olunub. Nəşrin məlumatına görə, “Talk With TR” adlanan ekspozisiyada ziyarətçilər xüsusi idarəetmə paneli vasitəsilə Teodor Ruzveltin süni intellekt avatarına suallar verə bilirlər.

Süni intellekt sistemi Ruzveltin tarixi çıxışları, məktubları və kitabları əsasında hazırlanıb. “Microsoft” bildirir ki, şirkət kitabxananın “Box 1” adlı bilik bazasının texnoloji əsasını yaratmağa kömək edib. Sistem yüz minlərlə arxiv sənədini süni intellekt vasitəsilə axtarıla və kontekstləşdirilə bilən formaya salır.

Rəsmi məlumata görə, kitabxana 2026-cı il iyulun 4-də, ABŞ-ın müstəqilliyinin 250-ci ildönümü günündə ictimaiyyət üçün açılacaq. Kitabxanada süni intellekt, holoqram və immersiv hekayəçilik texnologiyalarından istifadə olunan ekspozisiyalar təqdim ediləcək.

Panama kanalı Teodor Ruzveltin prezidentliyi dövründə ABŞ xarici siyasətinin ən mühüm layihələrindən biri hesab olunur.  Ruzvelt ABŞ-ın Atlantik və Sakit okeanlar arasında kanal inşa etmək məqsədinin həyata keçirilməsinə rəhbərlik edib. Kanalın tikintisinə 1903-cü ildə başlanılıb və layihə 1914-cü ildə tamamlanıb.

Trampın Panama kanalı ilə bağlı sualı onun son aylarda bu strateji su yolu haqqında səsləndirdiyi bəyanatlar fonunda diqqət çəkib. “Reuters” agentliyinin məlumatına görə, Tramp iyulun 1-də bildirib ki, ABŞ Çinin Panama kanalını ələ keçirməsinə imkan verməyəcək.