Britaniya kralı III Çarlzın rəsmi vəzifələrinin təsvirində dini roluna dair ifadə yenilənib.
MSNews.az xəbər verir ki, dəyişiklik Kral ailəsinin illik maliyyə hesabatı olan “Sovereign Grant Report 2025-26” sənədində əksini tapıb.
Yeni sənəddə kralın rolu belə təqdim olunur: “Əlahəzrət İngiltərə Kilsəsinin ali rəhbəridir və çoxkonfessiyalı millətdə inanc üçün məkanı qoruyur”.
Əvvəlki hesabatlarda isə kralın dini rolu “İngiltərə Kilsəsinin rəhbəri və İnancın müdafiəçisi” kimi təsvir edilirdi. “Premier Christian News” yazır ki, yeni ifadə kralın müxtəlif dini icmalar arasında dialoqu və birlik missiyasını daha geniş formada vurğulayır.
Bununla belə, dəyişiklik kralın formal titulundan imtina etməsi kimi qiymətləndirilməməlidir. Britaniya kral ailəsinin rəsmi saytında qeyd olunur ki, monarx “İnancın müdafiəçisi və İngiltərə Kilsəsinin ali rəhbəri” (“Defender of the Faith and Supreme Governor of the Church of England”) titulunu daşıyır.
Bu titulun tarixi XVI əsrə gedib çıxır. Rəsmi məlumata görə, “Defender of the Faith” titulu ilk dəfə 1521-ci ildə Papa X Leo tərəfindən VIII Henrixə verilib. Daha sonra İngiltərə monarxının kilsə ilə konstitusion əlaqəsi formalaşıb və bu ənənə müasir dövrə qədər davam edib.
Yeni ifadə isə kral Çarlzın uzun illərdir müdafiə etdiyi çoxkonfessiyalı yanaşmaya uyğun hesab olunur. O, Uels şahzadəsi olduğu dövrdə də müsəlman, yəhudi, hindu, siqh və digər dini icmalarla dialoqa xüsusi diqqət ayırırdı.
Hesabatda kralın digər funksiyaları da yenilənmiş formada təqdim olunub. Onun silahlı qüvvələrə dəstək rolu daha çox “pastoral dəstək” kimi izah edilib. Bundan başqa, kralın xeyriyyəçilik fəaliyyətini təşviq edən fiqur, sosial həmrəyliyi möhkəmləndirən və cəmiyyətin müxtəlif təbəqələrini bir araya gətirən şəxs kimi rolu vurğulanıb.
Maliyyə hesabatında kral ailəsinin xərcləri və gəlirləri ilə bağlı detallar da yer alıb. Bukingem Sarayı kralın 2024-25-ci maliyyə ilində 12,9 milyon funt sterlinq vergi ödədiyini açıqlayıb. Bu, Britaniya monarxının şəxsi vergi ödənişlərinin ilk dəfə ictimai şəkildə açıqlanması kimi təqdim olunur.
Hesabatda həmçinin kral və kraliça Kamillanın Bukingem sarayına köçməyəcəyi bildirilib. Təmir proqramı başa çatdıqdan sonra saray kral ailəsinin şəxsi iqamətgahı deyil, daha çox mərasim və rəsmi iş mərkəzi, eləcə də ictimaiyyət üçün açıq tarixi məkan kimi fəaliyyət göstərəcək.
“The Guardian” yazır ki, kral və kraliça Londondakı “Clarence House”-da qalmağa davam edəcəklər. Bukingem sarayı isə monarxiyanın “mərasim və əməliyyat mərkəzi” olaraq saxlanılacaq.