Qazax Dövlət Dram Teatrında “Sonrakı peşmanlıq” adlı səhnə əsəri nümayiş etdirilib.
MSNews.az xəbər verir ki, tamaşa 27 iyun saat 19:00-da teatrın səhnəsində təqdim olunub. Qazax Dövlət Dram Teatrı tərəfindən hazırlanan səhnə əsəri “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunub.
Tamaşanın müəllifi, quruluşçu rejissoru və musiqi tərtibatçısı Vüsal Hüseynovdur. Səhnə əsərində rejissor assistenti kimi Ceyhun Vəlizadə, quruluşçu rəssam kimi isə Samir Həsənov çalışıb.
“Sonrakı peşmanlıq” tamaşasında rolları Ceyhun Vəlizadə, Zəmanə Dərviş, Minayə İbrahimova, Nəsimi Aşbazov, Kamil Məmmədov, Əhməd Musayev və Həbibə Musayeva canlandırıblar.
Səhnə əsərində narkomaniyanın insan həyatı, ailə münasibətləri və cəmiyyət üçün yaratdığı ağır nəticələr bədii formada təqdim olunub. Tamaşa maarifləndirici məzmunu ilə gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırır.
Qeyd edək ki, BMT Baş Assambleyasının qərarına əsasən, 26 iyun hər il Narkotik vasitələrdən sui-istifadə və onların qanunsuz dövriyyəsinə qarşı beynəlxalq mübarizə günü kimi qeyd olunur. Bu günün məqsədi narkomaniya və narkobiznesin yaratdığı təhlükələrə qarşı ictimai maarifləndirməni gücləndirməkdir.












