Mileyin administrasiya rəhbəri istefa verdi

Argentina Prezidenti Xavyer Mileyin Administrasiya rəhbəri Manuel Adorni korrupsiya iddiaları fonunda vəzifəsindən istefa verib. Adorni ittihamları rədd etdiyini və günahsız olduğunu bildirib.

12

Argentina Prezidenti Xavyer Mileyin Administrasiya rəhbəri Manuel Adorni korrupsiya iddiaları fonunda vəzifəsindən istefa verib.

MSNews.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Bildirilir ki, Adorninin istefası onun son illərdəki şəxsi xərcləri və gəlirləri ilə bağlı aparılan araşdırmalar fonunda baş verib.

“AP” yazır ki, Manuel Adorni qanunsuz varlanma şübhəsi ilə araşdırılırdı. Məlumatlara görə, qalmaqal onun rəsmi gəlirləri ilə uyğun gəlmədiyi iddia olunan səyahətləri, daşınmaz əmlak alışı və şəxsi xərcləri ilə bağlı media araşdırmalarından sonra genişlənib.

Adorni Prezident Xavyer Mileyə ünvanladığı istefa məktubunda ittihamları rədd edib. Argentina mediasının yaydığı məktubda o, özünü korrupsiyada ittiham edənləri tənqid edib və vicdanının rahat olduğunu bildirib. “Página/12”“Infobae” onun məktubunda “heç bir korrupsiya faktı olmadan cinayətkar və korrupsioner kimi təqdim edildiyini” yazdığını bildirib.

“Financial Times” qeyd edir ki, Adorni Mileyin ən yaxın siyasi fiqurlarından biri hesab olunurdu və daha əvvəl hökumətin sözçüsü kimi fəaliyyət göstərmişdi. Nəşrin məlumatına görə, onun istefası Prezident Mileyin anti-korrupsiya və sərt qənaət siyasəti üzərində qurulan siyasi imicinə ciddi zərbə kimi qiymətləndirilir.

“Reuters”in məlumatına görə, Adorni daha əvvəl bəyan edilməmiş təxminən 500 min dollar məbləğində vəsaiti sonradan maliyyə deklarasiyasına əlavə edib. O, vəsaitin qanuni mənbələrdən, o cümlədən kriptovalyuta investisiyalarından əldə edildiyini bildirib.

Argentina hökuməti və Prezident Miley daha əvvəl Adornini müdafiə etmiş, onun günahının məhkəmə tərəfindən sübuta yetirilmədiyini vurğulamışdı. Bununla belə, artan siyasi təzyiq və ictimai müzakirələr fonunda Adorni vəzifəsini tərk edib.

Hazırda Adorninin yerinə kimin təyin ediləcəyi rəsmi şəkildə açıqlanmayıb.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930