İsrail-Livan razılaşmasının detalları yayıldı

KİV İsrail və Livan arasında ABŞ vasitəçiliyi ilə imzalanan çərçivə razılaşmasının detallarını yayıb. Sənəd Livan ordusunun cənubda “pilot zonalar”a nəzarət etməsini və qeyri-dövlət silahlı qruplarının tərksilahını nəzərdə tutur.

18

İsrail və Livan arasında ABŞ vasitəçiliyi ilə imzalanan çərçivə razılaşmasının bəzi detalları məlum olub.

MSNews.az xəbər verir ki, beynəlxalq medianın yaydığı məlumata görə, sənəd tamhüquqlu sülh müqaviləsi deyil, tərəflərin öhdəliklərinin mərhələli şəkildə yerinə yetirilməsinə əsaslanan yol xəritəsi kimi təqdim olunur.

Razılaşmaya əsasən, İsrail cənubi Livanda nəzarətində saxladığı bəzi əraziləri mərhələli şəkildə Livan Silahlı Qüvvələrinin nəzarətinə verməlidir. Bu prosesin “pilot zonalar” mexanizmi ilə həyata keçirilməsi nəzərdə tutulur.

Sazişin yayımlanan mətninə görə, Livan ordusu həmin zonalarda təhlükəsizlik məsuliyyətini tədricən üzərinə götürəcək. Bu ərazilərdə “Hizbullah” və digər qeyri-dövlət silahlı birləşmələrinin fəaliyyətinə icazə verilməyəcək.

Mətbuatda yayılan məlumatlarda iki ilkin pilot zonanın razılaşdırıldığı bildirilir. Onlardan birinin Litani çayının şimalında, digərinin isə cənubunda yerləşdiyi qeyd olunur. Bu ərazilərin yalnız Livan Silahlı Qüvvələrinin nəzarətində olması planlaşdırılır.

Sazişdə qeyri-dövlət silahlı qruplarının tərksilahı və onların hərbi infrastrukturunun ləğvi əsas şərtlərdən biri kimi göstərilir. Məhz, bu prosesdən sonra İsrail qüvvələrinin mərhələli şəkildə Livan ərazisindən çıxması nəzərdə tutulur.

Bununla belə, İsrail rəsmiləri bildirirlər ki, ölkə təhlükəsizlik təhdidi aradan qalxana qədər cənubi Livanda təhlükəsizlik zonasını saxlamaqda davam edəcək. İsrail tərəfi bu addımı şimal sərhədlərinin “Hizbullah” hücumlarından qorunması ilə izah edir.

“Hizbullah” razılaşmada iştirak etməyib və təşəbbüsü sərt şəkildə rədd edib. Hərəkatın rəhbərliyi sənədi Livanın suverenliyinə zidd addım kimi qiymətləndirib və silahlı müqaviməti davam etdirəcəyini bildirib.

“Hizbullah”a yaxın siyasətçilər isə Livan hakimiyyətinin sazişi zorla tətbiq etməyə çalışacağı təqdirdə ölkədə daxili qarşıdurma riskinin arta biləcəyi barədə xəbərdarlıq ediblər.

Razılaşma Livan daxilində də narazılıqla qarşılanıb. Beyrutda və bəzi bölgələrdə etirazçılar küçələrə çıxaraq sənədə qarşı aksiya keçiriblər. Etirazçılar razılaşmanın İsraillə münasibətlərin normallaşdırılmasına yol açdığını və ölkənin cənubunda İsrailin qalmasına imkan yaratdığını iddia edirlər.

Bəzi etirazçılar İran və “Hizbullah” bayraqları ilə yürüş edib, yolları bağlayıb və təkərlər yandırıblar. Livan ordusu paytaxtda təhlükəsizlik tədbirlərini gücləndirib və yolları bağlayan etirazçılara müdaxilə edib.

ABŞ tərəfi isə razılaşmanı Livanın suverenliyinin bərpası və uzunmüddətli sabitlik üçün ilkin addım kimi təqdim edir. Vaşinqton sənədin Livan dövlətinin ölkə ərazisi üzərində real nəzarətini gücləndirməyə xidmət etdiyini bildirir.

Qeyd edək ki, saziş ABŞ vasitəçiliyi ilə Vaşinqtonda imzalanıb. Onun praktiki icrası isə “Hizbullah”ın mövqeyi, İsrailin təhlükəsizlik tələbləri və Livan ordusunun cənubda nəzarəti təmin etmək imkanlarından asılı olacaq.