Kadir İnanır vəfat etdi

Türk kinosunun ustad aktyoru Kadir İnanır 77 yaşında İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. Usta sənətçi “Selvi Boylum Al Yazmalım” başda olmaqla onlarla film ilə yadda qalıb.

15

Türk kinosunun ustad aktyoru Kadir İnanır 77 yaşında vəfat edib.

MSNews.az xəbər verir ki, “TRT Haber”in “Anadolu Ajansı”na istinadən yaydığı məlumata görə, aktyor İstanbulda müalicə aldığı xəstəxanada həyatını itirib. Məlumatda bildirilir ki, zatürreyə bağlı tənəffüs çatışmazlığı səbəbindən Acıbadem Fulya Xəstəxanasına yerləşdirilən 77 yaşlı sənətçinin vəziyyəti pisləşib və həkimlərin bütün müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Euronews” yazır ki, Kadir İnanır mayın 14-də zatürrə diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, ağciyərindəki infeksiya səbəbindən reanimasiyaya alınmışdı. Mayın 22-də vəziyyəti ağırlaşan aktyor entübə edilmişdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Kadir İnanırın vəfatı ilə bağlı başsağlığı mesajı yayımlayıb. “TRT Haber”in məlumatına görə, Ərdoğan mesajında Türk kinosunun usta aktyorlarından Kadir İnanırın vəfatını böyük üzüntü ilə öyrəndiyini bildirib, ailəsinə, yaxınlarına, sevənlərinə və sənət camiəsinə başsağlığı verib.

Kadir İnanır 15 aprel 1949-cu ildə Ordu vilayətinin Fatsa rayonunda anadan olub. “TRT Haber”in məlumatına görə, o, 14 uşaqlı ailənin son övladı idi. Gənclik illərində fotoromanlarda çəkilən İnanır 1968-ci ildə “Yedi Adım Sonra” filmi ilə kinoya addım atıb. İlk baş rolu isə 1970-ci ildə Atıf Yılmazın rejissorluq etdiyi “Kara Gözlüm” filmində olub.

Yeşilçamın ən tanınmış simalarından birinə çevrilən Kadir İnanır karyerası boyunca 200-ə yaxın filmdə rol alıb. O, xüsusilə Türkan Şoray ilə birlikdə çəkildiyi filmlərlə böyük tamaşaçı sevgisi qazanıb. İkilinin baş rollarında yer aldığı “Selvi Boylum Al Yazmalım” filmi Türk kinosunun klassikləri sırasında göstərilir.

Usta aktyor “Utanç” filmi ilə Adana Altın Koza Film Festivalında, “Yılanların Öcü” filmi ilə Antalya Altın Portakal Film Festivalında “Ən yaxşı aktyor” mükafatına layiq görülüb. O, həmçinin SİYAD Türk Sineması Ödüllərində “Onur Ödülü”, Antalya Film Festivalında isə “Yaşam Boyu Onur Ödülü” alıb.

Kadir İnanır son olaraq 2019-cu ildə “Kapı” filmində baş rolda çəkilib. Aktyorun sənət yolu rejissor Hüseyin Karabey tərəfindən “Kuzeyden Gelen Adam” adlı sənədli filmdə də əks etdirilib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti