İsrail hökuməti 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması məsələsini gündəmə gətirə bilər.
MSNews.az xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar hökumətin növbəti iclasında bu barədə qətnamə layihəsi təqdim etməyə hazırlaşır. “Ynet”in məlumatına görə, layihə qəbul olunarsa, bu, İsrail hökuməti səviyyəsində ilk rəsmi tanınma qərarı olacaq.
Nəşrin yazdığına əsasən, qətnamə layihəsində İsrailin “mənəvi və tarixi borc” prinsipi əsasında Osmanlı İmperiyasının son dövründə ermənilərə qarşı baş vermiş hadisələri “soyqırım” kimi tanıması təklif olunur. Sənəddə həmçinin bu hadisələrin inkarı və ya təhrifinin pislənməsi nəzərdə tutulur.
“The Times of Israel” xatırladır ki, İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl şəxsi mövqeyində bu hadisələri “soyqırım” kimi tanıdığını bildirmişdi. Lakin rəsmi Təl-Əviv indiyədək bunu hökumət səviyyəsində hüquqi qərar kimi rəsmiləşdirməyib.
Məsələ Türkiyə ilə İsrail arasında onsuz da gərgin olan münasibətlər fonunda gündəmə gəlib. Türkiyə Xarici İşlər Nazirliyi isə 1915-ci il hadisələrinin “soyqırım” kimi təqdim edilməsini qəbul etmir və bu mövzuda birtərəfli yanaşmaya qarşı olduğunu bildirir.
Qeyd edək ki, qətnamə layihəsi hələ İsrail hökuməti tərəfindən təsdiqlənməyib. Buna görə də məsələ hazırda rəsmi qərar yox, hökumətə təqdim olunacaq təşəbbüs kimi qiymətləndirilir.