Almaniyalı veteran idman jurnalisti Hartmut Şerzer DÇ-2026-da futbol tarixinin nadir peşəkar simalarından biri kimi diqqət mərkəzinə düşüb.
MSNews.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, FIFA Almaniya millisinin Ekvadorla oyunu öncəsi 88 yaşlı jurnalistə futbola uzunillik sədaqətinə görə təşəkkür edib. Mükafatlandırma ilə bağlı FIFA-nın rəsmi saytında ayrıca açıqlama hələlik dərc olunmayıb.
“Tagesspiegel”in məlumatına görə, Şerzer 1960-cı ildə UPI agentliyində fəaliyyətə başlayıb, daha sonra sərbəst jurnalist kimi çalışıb. O, futbol dünya çempionatları ilə yanaşı, 21 Olimpiya Oyununu və 33 “Tour de France” yarışını da işıqlandırıb.
FIFA 2022-ci ildə Qətərdə veteran jurnalistlərə həsr olunmuş tədbirdə Şerzerin 16-cı dünya çempionatını işıqlandırdığını qeyd etmişdi. DÇ-2026 isə onun üçün 17-ci mundial olub.
Şerzer Almaniyanın dünya çempionluqlarını, Pele, Maradona, Messi və digər futbol əfsanələrinin dövrlərini canlı izləyən azsaylı jurnalistlərdən biri hesab olunur.