İngiltərə millisinin əşyalarının oğurlanmasına görə iki nəfər ittiham olunur

ABŞ-da İngiltərə millisinin Dünya Çempionatı üçün daşınan təxminən 18 min dollarlıq əşyalarının oğurlanması ilə bağlı iki nəfərə ittiham irəli sürülüb.

18

ABŞ-da İngiltərə millisinin Dünya Çempionatı üçün daşınan əşyalarının oğurlanması ilə bağlı iki nəfərə ittiham irəli sürülüb.

MSNews.az xəbər verir ki, Jackson County Prosecutor’s Office Mustafa Salik və Erfan Kamalın oğurlanmış əmlakı qəbul etməkdə ittiham olunduğunu açıqlayıb. Prokurorluğun məlumatına görə, söhbət İngiltərə millisinin təxminən 18 min dollar dəyərində olan əşyalarından gedir.

Hadisə İngiltərə millisinin avadanlıqlarının Floridadan Kanzas Sitidəki baza düşərgəsinə daşınması zamanı baş verib. “People” nəşrinin məhkəmə sənədlərinə istinadən yazdığına görə, oğurlanan əşyalar arasında futbol butsları, qapıçı əlcəkləri, Dünya Çempionatının topu, imzalı formalar, elektron avadanlıqlar, “Nike Air” formasında “Lego” dəsti və iki yumşaq oyuncaq olub.

The Independent”in məlumatına görə, aşkarlanan əşyaların ümumi dəyəri 18 145 dollar 41 sent olaraq qiymətləndirilib. İngiltərə Futbol Assosiasiyası əşyaların böyük hissəsinin geri qaytarıldığını bildirib.

Daily Mail” isə məhkəmə sənədlərinə istinadən yazır ki, təqsirləndirilən şəxslər Əfqanıstan əsillidirlər və ABŞ hərbi qüvvələrinə Talibanla mübarizədə kömək etdikdən sonra ölkəyə köçüblər. Bu detal prokurorluğun rəsmi açıqlamasında yer almayıb.

İttiham sübuta yetirilərsə, hər iki şəxs 1 ildən 7 ilədək həbs cəzası ilə üzləşə bilər. Prokurorluq qeyd edir ki, ittihamlar hələlik iddia xarakteri daşıyır və şəxslər məhkəmə qərarı olmadan təqsirli sayılmırlar.