Türkiyə və Ermənistan nəqliyyat əlaqələrinin bərpasını müzakirə edib

Türkiyə və Ermənistanın nəqliyyat nazirləri dəmir yolu və avtomobil əlaqələrinin bərpasını müzakirə ediblər. Türkiyə tərəfi öz ərazisində hazırlıq işlərinə başladığını bildirib.

13

Türkiyə və Ermənistan arasında nəqliyyat əlaqələrinin bərpası məsələsi yenidən müzakirə olunub.

MSNews.az xəbər verir ki, “Armenpress” Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun açıqlamasına istinadən məlumat yayıb. Bildirilib ki, Uraloğlu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanla görüşdə əvvəllər iki ölkə arasında aktiv istifadə olunmuş dəmir yolu və avtomobil marşrutlarının bərpası üzrə görülən işləri müzakirə edib.

Uraloğlu Türkiyə tərəfinin öz ərazisində zəruri texniki xidmət və hazırlıq işlərinə başladığını bildirib. Görüşdə Ermənistan tərəfinin hazırlıq və tender prosedurlarında əldə etdiyi irəliləyiş də qiymətləndirilib.

Məlumata görə, tərəflər Ani körpüsünün bərpası prosesini də nəzərdən keçiriblər. Uraloğlu bu istiqamətdə əməkdaşlığın regional nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Türkiyə ilə Ermənistan arasında sərhəd 1990-cı illərdən bağlıdır. Buna görə də dəmir yolu və avtomobil əlaqələrinin bərpası iki ölkə arasında normallaşma prosesi və Cənubi Qafqazda regional kommunikasiyaların açılması kontekstində diqqətlə izlənilir.